cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Zidan: "Bəraət axtarmaqdansa..."

23.02.2017 11:33 Oxundu 1708

Məlumat verdiyimiz kimi, dünən futbol üzrə İspaniya çempionatının 16-ci turunun təxirə salınmış oyununda "Valensiya" evdə "Real"ı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Yarasalar" artıq 4-cü dəqiqədə Simone Dzadzanın qolu ilə hesabı açıblar. Beş dəqiqə sonra Fabian Orelyana fərqi iki topa çatdırıb. Qonaqlar qollardan yalnız birinin əvəzini çıxa biliblər. Kriştianu Ronaldu 41-ci dəqiqədə adını tabloya yazdırıb.

Oyundan sonra açıqlama verən "Real"ın baş məşqçisi Zinəddin Zidan deyib: "Biz rəqibə ilk on dəqiqədə uduzduq. Topa sahib olsaq da, qol vurmaq üçün şanslarımız olsa da, onları əldən verdik. Amma "Valensiya" şanslarını qaçırmadı və iki qol vurdu. Oyunda dönüş yaratmaq üçün 80 dəqiqəmiz vardı. Nə yazıq ki, bu müddətdə də şanslarımızdan yararlana bilmədik. Yəni biz xal qazana bilərdik, amma bu, baş vermədi. Rəqibimiz bir tam kimi oynadı, döyüşdü və qalib gəldi. Biz bir az diqqətli olmalı idik, amma ilk on dəqiqədə bunu bacarmadıq. "Valensiya"nı təbrik edirəm. Bəraət axtarmaqdansa, növbəti oyun düşünməyə başlamaq daha yaxşıdır".