2190
Sərbəst güləş üzrə yığma komandamızın İranın Kirmanşah şəhərində keçirilən Dünya Kuboku yarışlarında uğurlu çıxışı ilə bağlı mətbuat konfransı keçirilib. Gənclər və İdman Nazirliyində (GİN) təşkil olunan konfransda GİN-nin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Abdullayev, sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Firdovsi Umudov, GİN-nin məməkdaşları və yığma komandamızın üzvləri iştirak ediblər.
GİN-nin şöbə müdiri Fərid Mansurov güləşçilərimizin hər zaman ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etdiklərini bildirib: "Azərbaycan güləşçiləri hər zaman Olimpiya, dünya, Avropa çempionatları, Dünya Kuboklarında yüksək nəticələr qazanırlar. Onlar idmançılarımıza göstərilən etimadı doğruldurlar. Sərbəst güləşçilərimizin İranda keçirilən Dünya Kubokunda gənc heyətlə bürünc medal qazanması çox sevindirici haldır. Xatırladım ki, sərbəst güləşçilərimiz iki dəfə Dünya Kubokunun qalibi olublar. İdmançılarımızın bu il Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da yüksək nəticələr qazanacaqlarına inanıram".
AGF-nin vitse-prezidenti N.Abdullayev də sərbəst güləşçilərimizin uğurlarını yüksək qiymətləndirib. O, gənc güləşçilərimizin özlərini yaxşı tərəfdən göstərdiklərini, yüksək idman formasında olduqlarını qeyd edib.
Sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Firdovsi Umudov qazanılan nailiyyətlərin dövlətimizin uğuru olduğunu bildirib: “Yarışlara yeni məşqçilər korpusu ilə hazılaşdıq. Bu uğurlar ümumi işimizin nəticəsidir. İranda keçirilən Dünya Kubokunda komandamızda tanınmış güləşçilərimzilə yanaşı, gənc güləşçilərimiz də iştirak edirdilər. Təcrübəli idmançılarımızla yanaşı, gənclər də qənaətbəxş çıxış etdilər. Onlar yaxşı mübarizə apardılar.
Qeyd edim ki, Dünya Kubokunda yığma komandamıza qarşı ədalətsizlik oldu. 74 kq çəki dərəcəsində güləşən idmançımız Murad Süleymanov amerikalı olimpiya çempionu ilə görüşdə 5:1 hesabı ilə öndə olduğu zaman idmançımıza haqsız olaraq 3 dəfə ardıcıl xəbərdarlıq verib onu texniki məğlubiyyətlə uduzdurdular.
Dünya Kuboku zamanı təşkilatçılar ilk görüşdə bayrağımızı səhv çıxarmışdılar. Biz bunu görəndən sonra öz etirazımızı bildirdik. Səhv aradan qaldırılmasa, növbəti görüşə çıxmayacağımızı onlara çatdırdıq. Təşkilatçılar onlarda bayrağımızın olmadığını bildirdilər. Hər bir ehtimalı nəzərə alaraq özümüzlə apardığımız şanlı Azərbaycan bayrağımızı yarış zalına gətirdik və təşkilatçılara təqdim etdik. Bayrağımız dəyişdiriləndən sonra görüşlərə çıxdıq. Bütün haqsızlara baxmayaraq Dünya Kubokunda bürünc medal qazandıq”.
O, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da yüksək nailiyyətlər qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.
Milli komandamızın üzvü Hacı Əliyev Dünya Kubokunda yığmamıza qarşı ədalətsizlik olmasına baxmayaraq, idmançılarımızın əzmkar mübarizə apardıqlarını bildirib: “Biz Dünya Kubokunu gətirmək üçün getmişdik. Hakimlər idmançılarımıza qarşı haqsızlıq etdilər. Ancaq yenə də əzmkar mübarizə apardıq və üçüncü nəticə göstərdik. Sevinirəm ki, Dünya Kubokundan əliboş qayıtmadıq. Gələn il daha yaxşı nəticə göstərməyə çalışacağıq. Qarşıdan ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları gəlir. Bu Oyunlarda da maksimum gücümüzlə medallar qazanmağa səy göstərəcəyik”.
Yığma komandamızın digər üzvləri də Dünya Kubokunda çıxışları haqda danışıblar.
Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.