cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Eldən gedən Akif

28.02.2017 01:55 Oxundu 2204

Elə insanlar var ki, onun adının qarşısında “öldü”, “dünyasını dəyişdi”, “Allah rəhmət eləsin, yaxşı insan idi” sözlərini işlətmək çox ağır və çətindir. Elə insanlar var ki, onun varlığını keçmişə çevirən kiçik şəkilçilərə nifrət etməyə bilmirsən...

Elə insanlar var ki, yaşadığı illər ərzində çox şey qazansalar da, çox şey əldə etsələr də, öləndə sadəcə evlərindən, ailəsindən gedirlər...

Elə insanlar da var ki, sadəcə evdən yox, həm də eldən gedirlər... Akif İsmayılov kimi...

Bəli, məhz bu gün dərdimizin üstünə dərd gəldi... Xocalı faciəsinin ildönümü günündə həqiqətən də böyük bir şəxsiyyəti itirdik...

Kiçiklə kiçik, uşaqla uşaq, cavanla cavan olan adam artıq aramızda yoxdur...

Biz elə bir məmləkətdə yaşayırıq ki, burada vəzifənin dəyişmədiyi adama rast gəldikdə insan qanadlanır, hələ də yaşamağa dəyər deyir. Akif İsmayılov məhz belə böyüklüyü ilə o qədər insana yaşamaq qanadı verib ki... Uzun illər Azərbaycanın bir nömrəli arenası Tofiq Bəhramov adına Respublika stadionunun direktoru olan adamda illər sadəcə saçların rəngini, duruşun şuxluğunu, gözlərin itiliyini, dəyişə bildi... İçindəki “mən”i həmişə əyilməz qaldı...

Mən onu şəxsən tanıyana qədər Respublika stadionunun direktoru kimi qələmə verirdim. Tanıdıqdan sonra isə onun adının qarşısında hər hansı bir vəzifə yazmağa əlim gəlmirdi. Akif İsmayılovu hər hansı bir işin icraçısı kimi qələmə vermək yaxşı hal deyil, mənə görə. Çünki Akif müəllim həyatda işini də, insanlara qiymət verməyi də, dostluğu da bacarırdı... Məncə, onun vəzifəsi stadionun direktoru yox, rəhbərliyi altında çalışanlara yaxşılıq etmək, ona müraciət edənləri həmişə dinləmək, əlindən gələnin ən yaxşısını etmək idi...


Ağır əməliyyatdan sonra yenidən stadiona qayıtmış olan Akif müəllimi yaxın dostu Elçin Cəfərovun idman zalının qarşısında görmüşdüm sonuncu dəfə... Bəzən bir odu alışdırmaq üçün bir kibrit də bəsdir ümidiylə ona “maşallah, cavan oğlana oxşayırsan” müraciətimə özünəməxsus şəkildə zarafatyana cavab vermişdi... Gülüşdükdən sonra mənə demişdi ki, “hərdən gəl buralara, belə sözlər de, bəlkə bir xeyrin dəydi...”

Sonuncu dəfə telefon danışığımız da hələ də xatirimdədir. Stadionun önündən keçəndə zəng elədim, səhhəti ilə maraqlandım, dedi ki, 24 saat qulluğunuzdayam... Yəni, xəstə-xəstə yenə də insanların yanına qaçmağa hazır idi, o ürəyin sahibi idi...

Bu gün isə onun 52 yaşında dünyadan köçməsinə sarsıldıq, üzüldük... Əgər bir ölüm bütün camiəni sarsıdırsa, deməli, Akif müəllim həqiqətən də bu dünyada yaşayıb, yaradıb, sadəcə pəncərədən baxıb getməyib... Sadəcə, evindən getməyib, həm də elindən gedib...

Elgiz ABBASOV