cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

"Onlar Messi və Neymara Uelsə getməsinə imkan verməyəcək"

28.02.2017 16:17 Oxundu 1896

“Brexit” səbəbilə Uelsin paytaxtı Kardiffdə keçiriləcək Çempionlar Liqasının finalında bütün futbolçular oynamaya bilər. Bunu UEFA prezidenti Aleksandr Çeferin deyib. Onun sözlərinə görə, Britaniya hakimiyyətinin hər hansı kriminal elementin ölkəyə girişinə qadağa qoymasında problem yoxdur: “Lakin təsəvvür edin ki, onlar Messi və Neymara Uelsə getməsinə imkan verməyəcək, çünki hər ikisinin başa çatmamış məhkəmə təhqiqatları var. Bizim üçün britaniyalı oyunçuların digər ölkələrə gedə biləcəyi halda, bəzi futbolçuların Britaniyaya girişinə qadağa qoyulması böyük problem olacaq. Əgər “Brexit” bundan sonra da davam edərsə, hər şey dəyişəcək”.

Xatırladaq ki, iki ay müddətinə həbsə məhkum edilmiş PSJ-nin yarımmüdafiəçisi Serji Oryenin İngiltərəyə girişi qadağan edilmişdi. Futbolçu bu səbəbdən Çempionlar Liqasının qrup mərhələsində “Arsenal” ilə oyunu buraxmışdı. Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını nəzərdən tutan “Brexit” prosesi üzrə referendum 2016-cı ildə keçirilib. Referendumda səs verənlərin 51,9 faizi “Brexit” prosesinə dəstək verib.