çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Roman Qriqorçukun komandası liderliyi qorudu - VİDEO

04.03.2017 21:34 Oxundu 1996

Bu gün Topaz Premyer Liqasında XXI tura start verilib. İlk oyun gününə “İnter Arena”da keçirilən matçla yekun vurulub. “Qəbələ” III dövrədəki son qarşılaşmasını “İnter”ə qarşı keçirib. Dövrəni 1-ci pillədə başa vurmaq iddiasında olan “qırmızı-qaralar” səfər görüşünə qələbə üçün çıxıb. Ötən turun “Kəpəz”lə oyunu ilə müqayisədə Roman Qriqorçuk start heyətində bir dəyişiklik edib. Cəzalı Nika Kvekveskirinin yoxluğunda Teo Uiks ilk dəqiqələrdən meydanda olub.
Qəbələ təmsilçisi ilk dəqiqələrdən üstünlüyü ələ almağa çalışıb. Artıq 2-ci dəqiqədə cinahdan qapı önünə hava ötürməsi təhlükəli alınıb. Lakin rəqib qapıçı topa sahib çıxıb. Amma meydan sahibləri üstünlüyün qonaqlara keçməsinə imkan verməyib. Bu üzdən 1-ci hissənin ilk yarısı qarşılıqlı hücumlarla keçib. Düzdür, Filip Ozobiç cərimə zərbəsindən, Araz Abdullayev uzaq məsafədən qapını nişan alıb. Amma hər iki epizodda qolkiper inamlı oynayıb. Hissənin ortalarından başlayaraq isə “qırmızı-qaralar” rəqib qapısına təzyiqi artırıb. 26-cı dəqiqədə cərimə meydanında əlverişli imkan əldə edən Daniel Subotiç çərçivəyə düşməyib. Az sonra Ozobiçin 23 metrdən aşağı küncə zərbəsini Səlahət Ağayev kornerə çıxarıb. “İnter”in təşkil etdiyi hücumlar isə Dmitri Bezotosnı üçün ciddi çətinlik yaratmayıb. Fasiləyə 10 dəqiqə qalmış rəqibdən “oğurlanan” topla irəliləyən komandamız hesabı açmağa yaxın olub. Lakin Sergey Zenyovun yaxın məsafədən zərbəsi alınmayıb. Fasiləyədək Arazla Filip hərəyə bir dəfə qapını nişan alıb. Sonuncunun cərimə zərbəsi dəqiq olmayıbsa, Abdullayevin göndərdiyi topa qapıçı reaksiya verib.
“Qəbələ” ikinci hissəyə daha fəal başlayıb. Oyunda dəyişikliklər etmək niyyətində olan Qriqorçuk hücum xəttini gücləndirib. Meydana sonradan daxil olan Asif Məmmədov 54-cü dəqiqədə cərimə meydanına daxil olub, əlverişli mövqedə olan Subotiçə ötürmə etsə də, müdafiəçi və qapıçı legioneri qabaqlayıb. “İnter”in ən real qol vəziyyəti də yaddaqalan olub. Lakin müdafiəçilərin anlaşılmazlığından sonra fərqlənməyə yaxın olan bakılılar çərçivəyə düşə bilməyib. Asifin qapı önünə növbəti ötürməsi isə qolla nəticələnib. Qapıçının kobud səhvindən sonra sıçrayan topa Tellur Mütəllimov qarşısıalınmaz zərbə endirib – 1:0. Buraxılan qoldan sonra “İnter” fəallığı artırıb. Hətta Pərdis Fərcad-Azad uzaqdan zərbə ilə qapıçıya gərginlik yaşadıb. Amma növbəti qolu da “Qəbələ” vurub. Asifin cərimə meydanı daxilindəki ötürməsini Subotiç uzaq küncə göndərib – 2:0. Görüşün taleyinə böyük ölçüdə aydınlıq gətirən qoldan sonra tərəflər qarşılıqlı hücumlar təşkil edib. Lakin komandalar real qol vəziyyətləri sarıdan kasad olan matçda qapıçıları çox narahat etməyib.
Beləliklə, “İnter” səddini 2 cavabsız qolla aşan “Qəbələ” turnir cədvəlində liderliyini qoruyub.

Azərbaycan Premyer Liqası

XXI tur

4 mart (şənbə)

“İnter” – “Qəbələ” - 0:2

Qollar: Tellur Mütəllimov, 70, Subotiç, 81

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“İnter Arena”

“İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 17. Abbas Hüseynov, 10. Elnur Abdullayev, 8. Nizami Hacıyev (k), 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad, 2. Sertan Taşkın, 88. Məmməd Quliyev, 98. Qara Qarayev
Baş məşqçi: Zaur Svanadze

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 9. Sergey Zenyov, 14.Cavid Hüseynov (k), 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 31. Daniel Subotiç, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 6. Rəşad Sadiqov, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 18. Baqali Dabo, 34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk

Turnir cədvəli

1.

Qəbələ

21

13

7

1

41-11

46

2.

Qarabağ

21

14

3

4

36-11

45

3.

İnter

21

9

9

3

31-21

36

4.

Zirə

20

7

5

8

18-21

26

5.

Sumqayıt

21

6

7

8

20-28

25

6.

Neftçi

20

6

2

12

15-33

20

7.

Kəpəz

20

3

8

9

13-23

17

8.

AZAL

20

1

5

14

8-34

8

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.

r