2079

"Arsenal"ın hücumçusu Aleksis Sançes gələcək karyerası ilə bağlı qərarını verib. Çilili forvard yayda klubunu dəyişəcək. Buna səbəb ulduz futbolçunun komanda yoldaşları ilə yola getməməsidir. Premyer Liqanın XXVII turunda "Liverpul"la (1:3) qarşılaşmadan öncəki məşqdə intizamsız davranışlarla diqqət çəkən Sançes bu üzdən matça ehtiyat oyunçular skamyasından başlamışdı. Baş məşqçi Arsen Vengerin bu qərarından sonra rəhbərliklə görüşən 28 yaşlı oyunçu yeni müqavilə imzalamayacağını və mövsümün sonunda ayrılmaq istədiyini bildirib. Baş verənlərdən yararlanan "Yuventus" vaxt itirmədən ingilislərlə danışıqlara başlayıb. İtaliya çempionu London təmsilçisinə 30 milyon avro təklif edib". Bu günlərdə Sançeslə bağlı belə xəbərlər gündəmi zəbt edib. Amma bunlar həqiqətə uyğun deyil. Belə ki, bu gün Sançes komanda ilə birgə məşq edib. Hətta onun baş məşqçi Arsen Vengerlə əl tutub görüşməsi də kameraların yaddaşına köçürülüb.
Qəzetlərdə bu məsələ ilə bağlı dərc olunmuş yazılara isə Arsen Venger belə reaksiya verib: "Mən bu barədə heç nə bilmirəm. Əslində komandada heç nə baş verməyib. Bu həqiqətəuyğun deyil, sizə sadəcə qəzet səhifələrinizi doldurmaq lazımdır. Mənim Sançeslə münasibətim normaldır".
Qeyd edək ki, "Arsenal"a 2014-cü ildə "Barselona"dan keçən Aleksis Sançesin "topçular"la anlaşma müddəti gələn ilin yayına qədərdir.