çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

"Hazırkı vəziyyətdə yeganə üstünlüyümüz heç bir şansımızın olmamasıdır"

07.03.2017 11:02 Oxundu 1891

Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk iki iştirakçısı müəyyənləşəcək. Qitənin ən mötəbər klub turnirinin səkkizdəbir final mərhələsində Londonun “Arsenal” komandası Münxenin “Bavariya” klubunu qəbul edəcək. Digər oyunda isə “Real Madrid” komandası Neapolda “Napoli” klubunun qonağı olacaq.

Münxendə keçirilən ilk oyunda “Bavariya”ya 1:5 hesabı ilə məğlub olan “Arsenal”ın dörddəbir finala vəsiqə qazanması əsl möcüzə ola bilər. London təmsilçisinin baş məşqçisi Arsen Venger növbəti mərhələyə yüksəlməyin ancaq şans sayəsində reallaşa biləcəyini vurğulayaraq deyib: “Bizim hazırkı vəziyyətdə yeganə üstünlüyümüz heç bir şansımızın olmamasıdır. Buna görə də biz hücum etməli və qol vurmağa çalışmalıyıq. Biz Avropada həmişə ən yaxşı klublardan hesab edilən “Bavariya” ilə dörd dəfə qarşılaşmışıq və o, olduqca güclü rəqibdir. Biz hücumlarla özümüzə şans yaratmağa çalışacağıq. Söhbət bizim idman şərəfimizdən gedir və buna görə də 90 dəqiqə ərzində əlimizdən gələni etməliyik”.