çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

"Barselona"sının sabiq prezidenti sevincini Aralıq dənizi ilə bölüşdü

09.03.2017 12:16 Oxundu 1921

İspaniya "Barselona"sının sabiq prezidenti Xuan Qaspar, Kataloniya klubu futbol üzrə Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, Aralıq dənizində üzəcəyinə dair verdiyi sözü yerinə yetirib.

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, 73 yaşlı sabiq funksioner "Barselona"nın 1/8 final mərhələsinin ilk oyununda Fransada PSJ klubuna 4 cavabsız qolla uduzmasına rəğmən, evdə 6:1 hesabı ilə qalib gələrək mərhələ adlamasından sonra bu addımı atıb.

X.Qaspar bildirib ki, su soyuq olsa da, vədinə əməl etməyi lazım bilib. Onun sözlərinə görə, matçın 62-ci dəqiqəsində PSJ-nin hücumçusu Edinson Kavan hesabı 3:1 etdikdə "Barselona"nın ÇL-lə vidalaşacağını düşünüb: "Su soyuq idi. Ancaq söz vermisənsə, tutmalısan. Kavani qol vurandan sonra düşündüm ki, artıq tapşırığın öhdəsindən gəlmək olmayacaq. Lakin futbol belədir".

Qeyd edək ki, Xuan Qaspar 2000 - 2003-cü illərdə "Barselona"nın prezidenti olub.