2058
Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən “Böyük dəbilqə” beynəlxalq turnirinin gümüş medalını qazanıb. 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Rio Olimpiadasının ikincisi olan E.Qasımov turnirdəki görüşlərinə dörddəbir final mərhələsindən başlayıb. O, israilli Peter Paltçik ilə qarşılaşmada rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə komanda yoldaşı Elxan Məmmədovu məğlub edən E.Qasımov yarışların finalına yüksəlib. Həlledici qarşılaşmada idmançımız Niderland cüdoçusu Mixael Korrelə “Qızıl xalla” məğlub olaraq turnirin gümüş medalına yiyələnib.
Azərbaycan cüdoçusu Məhəmmədəli Mehdiyev də Bakıda keçirilən “Böyük dəbilqə” beynəlxalq turnirində komandamızın aktivinə gümüş medal yazdırıb. Turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz M.Mehdiyev ilk qarşılaşmasına səkkizdəbir final mərhələsində başlayıb. Cüdoçumuz rəqibləri iranlı Vahid Nuriyə, Gürcüstan təmsilçisi Uşanqi Marcianiyə, komanda yoldaşı Əbdülhəqq Rəsulluya qalib gələrək finala yüksəlib. Finalda qazaxıstanlı rəqibi İslam Bozbayeva məğlub olan idmançımız turnirdə gümüş medalla kifayətlənib.
Ağır çəkidəki digər titullu cüdoçumuz Elxan Məmmədov da turnirə 1/4 finalla start verib. Elxan ilk olaraq estoniyalı Qriqori Minaşkinlə üz-üzə gəlib. Rəqibini yolundan kənarlaşdıraraq yarımfinala yüksələn cüdoçumuzun final yolundakı rəqibi komanda yoldaşı Elmar Qasımov olub. Olimpiadanın gümüş medalçısına məğlub olan idmançımız "bürünc" uğrunda yarışıb. Məmmədovun üçüncülük uğrundakı rəqibi də komanda yoldaşı olub. Zelim Kotsoyevi məğlub edən Elxan Məmmədov komandamızın medal sayını artırıb.
Beləliklə, Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 1 qızıl, 2 gümüş, 4 bürünc medalla başa vurub. İlk iki yarış günündə Rüfət İsmayılov (81 kq) qızıl, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Xanım Hüseynova (63 kq) bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında Hollandiyadan sonra 2-ci yeri tutub. "Narıncılar" 3 qızıl, 1 gümüş medal qazanıb. 3-cü yeri isə 1 qızıl, 2 gümüş, 2 bürünc medalla Yaponiya tutub. "Böyük Dəbilqə"də 31 ölkədən 182 cüdoçu iştirak edib.