2896
“Qarabağ” klubunun tərcüməçisi Əfqan Xəlilli öz feysbuk səhifəsində qalmaqallı paylaşım edib. Bu barədə "qafqazinfo" melumat verib. Xəbər verilir ki, o, futbolçuları Miçel Madera ilə birlikdə şəkil paylaşaraq üzərinə “tərcümə edəcəyim növbəti axmaq sualı gözləyərkən mən” yazıb. Bununla da mətbuat konfranslarında sual verən mətbuat işçilərini təhqir edib. Həmin foto da təqdim olunub.
Onun bu hərəkəti birmənalı qarşılanmayıb. Belə ki, Aydın Bağırıv "Qurbanov havalanmadı, Qarabağın tərcüməçisi havalandı" məqaləsində yazıb: ...bu gün "Qarabağ"la bir çox jurnalist arasında münasibətlər işgüzar münasibətdən dostluq səviyyəsinə qalxıb. Amma... Günün birində bu klubda çalışan bir tərcüməçi bu gözəl münasibətləri zədələməyə səbəb olacaq düşüncəsiz, məsuliyyətsiz və elə onun özünün təbirincə desək, axmaq fikirlər səsləndirir. Əfqan adlı bu tərcüməçi Feysbukdakı səhifəsində belə bir şəkil paylaşır və...Şəklin kənarındakı mətndən də göründüyü kimi, Azərbaycanın bütün idman mediasını bu sözləri ilə təhqir edir: "Tərcümə edəcəyim növbəti axmaq suala qulaq asarkən, mən..."
O sonda öz həmkarlarını belə bir sual da ünvanlayıb: "Sonda bəzi idman jurnalistlərinədir sualım: Əfqanın sizi Feysbukda təhqir etməsinə "layk" qoyub niyə dəstək vermisiniz ki? Özünüzü jurnalist saymırsınız?"
Yeri gəlmişkən, digər - Bir DOST imzası ilə çıxış edən bir jurnalist isə "Düz demirəm, Tahir Gözəl?" adlı yazısında elə layk edənlərdən birindən söz açıb. Müəllif yazır: "Qarabağ"ın tərcüməçisi Əfqanın müsahibəsi yaxşı yadımdadı. Jurnalistin "öyrənmək istədiyin növbəti dil hansıdı" sualına "alman" cavabını vermişdi. Onunla münasibətim olmadığı üçün "nemes"lərin dilini öyrənib-öyrənmədiyini dəqiq bilmirəm. Əgər öyrənibsə, lap yaxşı, öyrənməyibsə, alman dili kursunu mütləq şəkildə təxirə salıb, təcili adam dili kursuna yazılmalıdı.
Çünki adam dilini bilmək ona karyerasının növbəti illərində çox lazım olacaq. Təsəvvür edin ki, bu adam artıq "şişib", özünü "Qarabağ"ın uğurlarının memarı kimi hiss edir. Belə olmasaydı, şəxsi feysbuk səhifəsində Miçel Madera ilə mətbuat konfransında çəkilən şəkilini paylaşıb, "tərcümə edəcəyim növbəti axmaq sualı gözləyərkən mən" yazmazdı. Hələ bu, harasıdı? Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov da onunla eyni fikirdədi. Vaxtilə mətbuatda çalışan, sonra jurnalistliyi kluba dəyişən İbrahimov, "Qarabağ" rəsmisi hesab edilən Əfqana irad bildirmək əvəzinə, statusunu "layk" edib ki, "brat", düz deyirsən!" Halbuki, klubun mətbuat sözcüsü belə durumlarda fərqli addım atmalıdı".
Yazı bu sətirlərlə tamamlanır: "Yeri gəlsə, biz də zamanla futbolçuların qəribə fikirləri ilə qarşılaşmışıq. Yeri gəlsə, klub rəhbərliyinin də nöqtəsi, vergülü olmayan açıqlamalarını diktafonun yaddaşına köçürmüşük. Amma biz heç kimi "axmaq" deyə, təhqir etməmişik. Bu gün Azərbaycan idman mətbuatının durumu göz qabağındadı. Klub rəsmiləri isti VİP-lərdə oturduğu halda, idman mediasının fədailəri yağış, qar, külək demədən stadionlara axışır, onların cibini, eləcə də qarnını doydurmayacaq oyunları işıqlandırmaqla ölkə futbolunun inkişafına çalışır.Yox, əgər çıxıb hansısa danışığını bilməz tərcüməçi yağışda piyada stadionlara üz tutan jurnalistləri təhqir edəcəksə, oyundan sonra öz maşınına əyləşib evinə qaçan klubun mətbuat katibi də bunu "layk"lıyacaqsa, onda biz bu işdə yoxuq, arkadaş! Düz demirəm, Tahir Gözəl?"