çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Qurban Qurbanov: "Onu komandadan uzaqlaşdırdım"

14.03.2017 20:20 Oxundu 1985

"Mən həmişə demişəm ki, hərə öz işi ilə məşğul olmalıdı. Xüsusən də, olduğum klubda bunu daha çox tələb etmişəm. Mən də bunu oxudum, xoşagəlməz hal yaşandı. Birbaşa klubumuzun adından gəldi. Çox danışmaq istəmirəm. Onu komandadan uzaqlaşdırdım. Məşqçinin, jurnalistin, rəqibin işinə müdaxilə etmək düzgün deyil. Nə qədər ki, burdayam, heç kim kiminsə ünvanına söz atmamalı, kimdəsə səhv axtarmamalıdı. Əfqanın işindən çox razı idim, son vaxtlar bir-birimizi başa düşürdük. Bir neçə dildə çox yaxşı danışıq qabiliyyəti var. Dediyim sözü olduğu kimi futbolçuya çatdırırdı. Yaxşı işçi itirdik. Amma heç kim belə səhv etməməlidi. Əgər hər hansı bir rəqibə, jurnalistə azarkeşə mənim tərəfimdən irad yoxdusa, heç kim irad bildirə bilməz. Dəfələrlə hamıya xəbərdarlıq etmişəm ki, hər kəs öz işi ilə məşğul olsun. Bu məsələyə bir daha qayıtmasaq yaxşıdı". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turunda AZAL-la oyundan sonra təşkil edilən mətbuat konfransında "Klubun tərcüməçisinin sosial şəbəkədə jurnalistlərlə bağlı paylaşımı mətbuatda birmənalı qarşılanmadı. Bu məsələyə münasibətiniz necədi?" sualına cavab verərkən deyib.

Qeyd edək ki, Əfqan Xəlilli sosial şəbəkə hesabında futbolçu Miçel Madera ilə olan şəkili paylaşaraq, “növbəti axmaq sualı gözləyərkən, mən” – sözlərini yazmışdı.