çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Namiq Ələsgərov: "Çempionatdan əlimizi üzməmişik"

15.03.2017 07:10 Oxundu 2132

"Neftçi” komandasının futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində "Qəbələ” üzərində 1:0 hesablı qələbədən sonra, jurnalistlərin suallarını cavablandırıb:

- "Neftçi” "Qəbələ”dən istəkli görünürdü. Burada ilk dövrədəki 0:8 hesablı məğlubiyyətin təsiri var idi? Yəni, bunun əvəzini çıxmaqla bağlı nəsə deyilmişdi?

- Bəli, belə bir şey vardı. Bu gün "Neftçi”nin adı üçün oynayırdıq ki, həmin məğlubiyyəti unutduraq.

- Qələbə qolunu vurdunuz, düşünülmüş hücum idi...

- Elədir, qoldan öncə də bir neçə dəfə top həmin istiqamətə gəldi. Oyundan əvvəl tapşırılmışdı ki, oranı bağlayım. Epizodun birində vurdum, qol oldu.

- Cari mövsümdə ölkə çempionatında motivasiyanız nə olacaq? Hər halda, 4-cü pillədən çox uzaqsınız...

- Çox uzaq deməzdim, 6 xallıq fərq var. Şansımız var. Həmçinin ölkə kubokunda da mübarizəni davam etdiririk.

- Əsas diqqət kubokadır?

- Xeyr, çempionatdan əlimizi üzməmişik. Bu gün uduzsaydıq, demək olar şansımız qalmayacaqdı. Ona görə də bu matç bizim üçün həlledici görüşlərdən biri idi.

- Bu nəticə sizin sabiq komandanız "Qarabağ”ın çempionluq şansını artırır?

- Mənə aid sual deyil. Əlbəttə, "Qarabağ” 1-ci pilləyə keçdi. Yəqin ki, "Qarabağ” bu şansı əldən qaçırmaz.

- Qış fasiləsindən sonra "Neftçi”nin ən yaxşı oyunu olduğunu söyləmək olar?

- "İnter” və "Sumqayıt”a qarşı da yaxşı çıxış etmişdik. Bu da yaxşı oyunlarımızdan biridir.

- Yaxşı çıxış etsəniz də stabillik çatışmır...

- Bu, heyətdəki əksər futbolçuların yeni olması ilə əlaqədardır. Qış fasiləsində demək olar komanda təzədən yığılıb. Ona görə stabillik yoxdur.

- "Neftçi” növbəti tur "İnter”lə oynayır. Bu qələbənin ardı gələ bilər?

- Əlbəttə, 4-cü yer şansımızı qorumaq üçün qalib gəlməyə çalışacağıq.

- Baş məşqçi Elxan Abdullayev "Neftçi”də yerli futbolçularla bağlı problemin olduğunu söyləyib. Bu fikirlə razısınız?

- Məncə, bu sözü başqa mənada deyib. O, zədəli futbolçuların çoxluğunu nəzərdə tutub.