1997
Bu gün Bakıda AFFA-nın XXIV konfransı işə başlayıb.Əvvəlcə ötən il ölkə futbolunda əldə olunan nailiyyətlərə dair videoçarx nümayiş etdirilib.
AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkəmizdə futbolun inkişafı və kütləviləşməsi istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, ötən il Azərbaycan U-17 Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib. “Qarabağ” və “Qəbələ” klubları avrokuboklarda azarkeşlərə xoş anlar yaşadıblar. Həmçinin “Avro-2020”nin bir neçə oyununa ev sahibliyi edəcək Bakının loqosu artıq təqdim olunub.R.Abdullayev deyib ki, Bakının 2019-cu ildə UEFA Çempionlar Liqası və Avropa Liqası yarışlarının final oyununa ev sahibliyi etmək üçün namizədliyi irəli sürülüb. Ölkəmizin irimiqyaslı tədbirlərə yüksək səviyyədə təşkili istiqamətində böyük təcrübəsi var.
AFFA prezidenti Rövnəq Abdullayev daha sonra deyib: “Hesabat dövrü ərzində bir çox layihələr həyata keçirildi. Dünya çempionatının seçmə mərhələsinə “Niyə də yox?” devizi ilə başladıq, bu da özünü doğrultdu. Millimiz ilk oyunlarda azarkeşləri sevindirdi. İnanıram ki, bunun ardı gələcək. Bundan əlavə, "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində yaxşı oyunlar göstərdilər. AÇ-2020-nin loqosunun təqdimat mərasimi yüksək səviyyədə keçirildi. Ölkə prezidentinə futbolumuza göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. Azərbaycan futbolunun inkişafı prezidentimizin dəstəyi nəticəsində baş verir. 2019-cu ildə Çempionlar Liqası və Avropa Liqasının finalını paytaxtımızda təşkil etmək istəyirik. Bu finallardan birinin burda keçirilməsinə çalışırıq. AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəddi, digər namizədlərlə mübarizə aparacaq. Ona uğurlar arzu edirəm".
Daha sonra AFFA-nın baş katibi Elxan Məmmədov isə çıxışında danışılmış oyunların qarşısının alınması istiqamətində görülən işlər, uşaq futbolunun və idmanın bu növünün regionlarda inkişafı məsələlərindən danışıb.Bundan sonra son 1 ildə ölkə futbolunda baş vermiş hadisələri özündə əks etdirən video-rolik göstərilib.
Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Melumat üçün bildirək ki, AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər