çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Əfqan Talıbov: "Bəlkə bütün günahlar "Şərurspor"dadı?"

16.03.2017 13:42 Oxundu 3178

"Şərurspor" klubunun baş məşqçisi Əfqan Talıbov komandasının adı danışılmış oyunlarda hallandığı üçün birinci diviziondan kənarlaşdırılmasına münasibət bildirib. qol.az saytının müxbiri ilə söhbətində o, belə oyunlarda iştirak etmədiyini söyləyib.

Ə.Talıbov hələ mövsümün əvvəlindən "Şərurspor"un oyunları haqda müxtəlif söz-söhbətlərin gəzdiyini bildirib: "Futbolçularımız bilmirdilər ki, necə oynasınlar, nə etsinlər ki, belə danışıqlar olmasın. Deyirlər guya klub rəhbərinin mərc kontoru var. Ancaq "Şərurspor"dan danışırlar".

Ə.Talıbov AFFA-nın danışılmış oyunlarla bağlı kluba hər hansı bir sübutun göstərilmədiyini də qeyd edib: "Bizə heç nə deyilmir. İcraiyyə Komitəsi bu qərarı niyə çıxarıb, bilmirəm. Yəqin belə qənaətə gəliblər ki, bu iki komanda Azərbaycan futboluna problem yaradır. Nə edə bilərik? Oyunçulara məlumat verərik".

Əfqan Talıbov əlavə edib ki, "Şərurspor"u çempionatdan kənarlaşdırmaqla Azərbaycan danışılmış oyunların qarşısını almaq mümkün olmayacaq:

"Biz artıq bezmişik. Nə olursa "Şərurspor"un adını çəkirlər. Bizi cəzalandırdılar. İndi guya bundan sonra Azərbaycan futboluna daha ləkə gəlməyəcək? Daha danışılmış oyunlar olmayacaq? Bəlkə bütün günahlar "Şərurspor"dadı? Axı bu sürünən komandalardan nə istəyirlər?”

Xatırladaq ki, "Şərurspor"la yanaşı "Rəvan" da adı danışılmış oyunlarda hallandığı üçün I diviziondan kənarlaşdırılıb.