2084
"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının XXIII turunun "İnter” klubu ilə oyunundan sonra fikirlərini bildirib: "Komandanın oyunundan, bütün futbolçuların çıxışından razı qaldım. Üstün tərəf biz idik və vacib qələbə qazandıq. Bu gün bizim üçün ikiqat əlamətdar gündür. 80 illik yubileyimizdə qələbə qazanmaq ikiqat vacib idi. Azarkeş dəstəyi möhtəşəm idi. Onlar sevinəndə mən də özümü xoşbəxt hiss edirəm. Kubok da bizim üçün çox vacibdir. Bundan sonra "Qarabağ”la oyun haqda düşünəcəyik”.
Qeyd edək ki, oyundan əvvəl topa simvolik olaraq ilk zərbəni "Neftçi”nin əfsanəvi veteran futbolçuları Kazbek Tuayev və Çingiz İsmayılov vurublar. Yubileylə əlaqədar "Neftçi”nin üzvləri meydana "Neftçi”nin 1949-1950-ci illərdə çıxış etdiyi formada çıxıblar. "Bakcell Arena”da baş tutmuş XXIII tur görüşündə "Neftçi” rəqibinə qalib gəlib – 2:1. Qollarını Huqo Barqas (42-ci dəqiqə) və Rəhman Hacıyev (70-ci dəqiqə) vurub.
80 illik yubileyini qeyd edən “Neftçi” azarkeşləri “İnter”lə Premyer Liqanın XXIII turunun matçında maraqlı banner qaldırıblar. Fanatlar 1937-ci ilıdə yaranan klubun 80 illiyinin rəmzi yığmasını tərtib edib.Bu 11 oyunçunun da adı bannerlərdə əks olunub. Komanda 1949-ci ildəki forma ilə meydana çıxıb və matç SSRİ dövründəki futbol himninin sədaları ilə başlayıb. Belə ki, tribunada “ağ-qaralar”ın tarixi ərzində ən yaxşı “11”-liyinin əks olunduğu böyük plakat açılıb. Plakatda “dream team” (arzuların komandası) yazılıb. Bundan başqa, azarkeşlər “Biz varkən yıxılmaz “Neftçi”, “Aşiqik cümlə aləm bilsin”, “Neftçi” üçün biz ölərik, siz döyüşün”, “Xəyallarımızla deyil, ürəyinizlə oynayın” və s. sözlər yazılmış plakatlar açıblar.