1866
Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Finala vəsiqə iddiasında olan 4 komanda ilk oyunlarını keçirəcək. Bu mərhələnin görüşləri paytaxt - əyalət rəqabəti ilə diqqət çəkir. Çempionluq iddiasında olan “Qarabağ”la “Qəbələ” isə səfər sınağında qüvvəsini sınayacaq. İki cəbhədə - çempionat və kubokda mübarizə aparan bu iki komanda titul qazanmaq üçün gücünü ikinci yarışa səfərbər edən “Neftçi” və “İnter”lə üz-üzə gələcək. Günün ilk matçı “İnter Arena”da baş tutacaq. Meydan sahibləri “Qəbələ” ilə qarşılaşacaq. Cari mövsümdə rəqibini məğlub edə bilməyən Zaur Svanadzenin yetirmələri Premyer Liqadakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Günə Azərbaycan derbisi ilə yekun vurulacaq. Söhbət bütün çempionatlarda yüksək liqanın iştirakçısı olan iki komanda – “Neftçi” və “Qarabağ”ın duelindən gedir. Son iki mövsümdə kubokun finalında üz-üzə gələn komandalar bu dəfə yarımfinalda qarşılaşacaq. Ardıcıl iki dəfə “Qızıl dubl”a imza atan Qurban Qurbanovun yetirmələri isə yenidən eyni uğuru təkrarlamaq niyyətindədi. Amma əyalət klubu da çempionatdakı gərgin mübarizəni düşünməli olacaq. Hər iki komandanın legionerləri arasında millidən bu gün qayıtmalı olan futbolçular var. “Qarabağ”da Ansi Aqolli və İbrahim Şehiç, “Neftçi”də isə Georgi Navalovski dünən yığmasının oyununda olub.
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
30 mart (cümə axşamı)
17:00. “İnter” – “Qəbələ”
“İnter Arena”
19:30. “Neftçi” – “Qarabağ”
8-ci km qəsəbə stadionu