1607
.jpg)
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinə start verilib. İlk oyunlara “İnter Arena”da start verilib. Günün ilk qarşılaşmasında “Qəbələ” “İnter”in qonağı olub. Son oyunla müqayisədə baş məşqçi Roman Qriqorçuk start heyətində 2 dəyişiklik edib. Rasim Ramaldanov və Nika Kvekveskirinin yoxluğunda Rəşad Sadiqovla Rafael Santos matçı start “11-lik”də başlayıb.
Oyun qarşılıqlı hücumlarla başlasa da, “Qəbələ” üstünlüyü ələ ala bilib. Daha fəal olan “qırmızı-qaralar” ardıcıl hücumlarla azarkeşlərini sevindirməyə çalışıb. Bu həmlələrin biri zamanı meydan sahibləri cərimə meydançasında kobudluğa yol verib. Hakimin təyin etdiyi penaltini Daniel Subotiç dəqiq yerinə yetirib – 1:0. Bu, tarixində 51-ci kubok matçına çıxan “Qəbələ”nin yubiley – 80-ci qolu olub. “İnter”in bərabərlik qolu cəmi 3 dəqiqə sonra vurub. Meydan sahiblərinin heyətində Adrian Skarlatake fərqlənib. Buraxılan qoldan sonra fəallığı artıran “Qəbələ” üstünlüyü tam ələ alıb. Müdafiəyə qapanan bakılılar isə əsasən sürətli əks-hücumlar təşkil edib. “Qırmızı-qaralar” rəqib qapısı önündə gərginlik yaratmağa nail olsa da, real qol vəziyyətləri qurmaqda çətinlik çəkib.
Matçın ikinci yarısı qolla başlayıb. Belə ki, fasilədən 2 dəqiqə sonra Subotiç dublunu rəsmiləşdirib – 2:1. O, Ozobiçin zərbəsindən sonra sıçrayan topa hamıdan tez zərbə endirib. “İnter” oyunda bərabərlik yaratmağa çalışsa da, komandamız daha bir dəfə fərqlənib. Lakin Rafael Santosun qolu qeydə alınmayıb. Bundan sonra fəallaşan paytaxt təmsilçisi hücuma hücumla cavab verməyə çalışıb. Qarşılıqlı hücumlar qol vəziyyətləri ilə nəticələnməyib. Əvəzində “qırmızı-qaralar” daha bir penalti qazanıb. Topaz Premyer Liqasının ən yaxşı bombardiri olan Filip Ozobiç rəqib qapısına qarşısıalınmaz zərbə endirib – 3:1. Bu qoldan sonra tərəflərin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Beləliklə, “Qəbələ” yarımfinalın ilk oyununda 3:1 hesablı qələbə qazanıb. Komandalar arasında cavab oyunu aprelin 5-də keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
30 mart
“İnter” – “Qəbələ” - 1:3
Qollar: Adrian Skarlatake, 18 - Daniel Subotiç, 15 (p.), 47, Filip Ozobiç, 88 (p.)
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”
“İnter”: 13. Orxan Sadıqlı, 22. İlkin Qırtımov, 3. Denis Silva, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 19. Mirhüseyn Seyidov, 8. Nizami Hacıyev (k), 88. Məmməd Quliyev, 10. Elnur Abdullayev, 4. Slavik Alxasov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 14. Zurab Xizanişvili, 65. Cabir Əmirli, 20. Aqşin Quluzadə, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 99. Ricat Qarayev
Baş məşqçi: Zaur Svanadze
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 5. Rasim Ramaldanov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov
Baş məşqçi: Roman Qriqorçuk