1982
AFFA Məşqçilər Komitəsinin üzvü, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi
- Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Sizcə, “Qəbələ” – “İnter” və “Qarabağ” – “Neftçi” görüşlərində sürpriz gözləməyə dəyərmi?
- Mənə elə gəlir ki, kubokun finalçıları artıq məlumdu. Həlledici matçda yəqin ki, “Qəbələ” – “Qarabağ” oyununa şahidlik edəcəyik.
- Yəni, cavab oyunları formal xarakter daşıyacaq?
- “Neftçi” ilk görüşdə evində 2 top buraxıb. Bu cütlükdə məsələ, demək olar ki, həll olunub. Düzdü, futbol sürprizlərlə doludu, hər şey ola bilər. Ancaq bu gün “Qarabağ”ın qapısından 3 top keçirmək “Neftçi” üçün ağırdı. Bunun üçün gərək “Barselona” kimi olasan, təcili Ronaldonu, Messini, Neymarı transfer edəsən.
- Keçmiş klubunuz “Neftçi” qış fasiləsindən sonra heç də pis çıxış etmirdi. Ancaq ardıcıl olaraq kubokda “Qarabağ”a, çempionatda isə “Sumqayıt”a eyni hesabla (0:2) məğlub oldu. Bu ani çöküşün səbəbini nədə görürsünüz?
- “Neftçi” qış fasiləsində bacardığı qədər futbolçu yığdı. Amma tələb olunan səviyyədə adamları yığa bilmədi. Transfer xatirinə transfer elədi.
- Bu komandanın əvvəlki əzəməti qaytarmaq üçün hansı addımlar atılmalıdı?
- Bunun üçün ağıllı məşqçi və 18 yeni futbolçu gətirməlidilər.
- Amma nəzərə alaq ki, son vaxtlar Azərbaycanda güclü futbolçular da yetişmir. Belə bir vəziyyətdə bu qədər oyunçunu necə tapsınlar?
- Futbolçu yetişmirsə, əlində olan yaxşı futbolçuları niyə buraxırlar? Ruslan Qurbanovu, Araz Abdullayevi niyə yola saldılar, Flavinyonu, Kardosonu, Ramosu, Stamenkoviçi niyə evlərinə göndərdilər? Gərək əlindəkinin qədrini biləsən. Komanda indi çempionatda “vuruşur”. 4-cü yeri tuta bilsə, min şükür.
- Sizcə, 4-cü ola biləcək?
- İnanmıram. İnanmıram ki, bu komandanı gələn mövsüm avrokuboklarda görək.
- Böyükağa Hacıyevin “Neftçi”si indiki durumda olsaydı, hansı addımı atardınız?
- Darıxmayın, mənim vaxtımda komanda bu vəziyyətə düşsə, hansı addımı atdığımı görərsiniz. Amma buna imkan vermərəm.
- Sizi yenidən “Neftçi”də görə bilərikmi?
- Bu sualı klub rəhbərliyinə versəniz, daha yaxşı olar.
- Təklif olsa, qəbul edərsiniz?
- Mən “yox” demərəm. Ürəyim yaşıl meydança istəyir. Bu gün AFFA Məşqçilər Komitəsinin üzvü olsam da, nəzəriyyəçi deyiləm, məşqçiyəm.
- “Neftçi”nin “sükanı arxası”na keçsəniz, şərtləriniz nə olar?
- Bütün heyəti dəyişərəm.
- “Qəbələ” – “İnter” matçında necə, sürpriz ola bilərmi?
- Məncə, olmayacaq. Amma onların hər ikisi “Neftçi”yə nisbətən güclüdü. Çempionatda da layiqli yerlərini tuturlar. Hələ nəzərə alaq ki, “İnter”in maliyyə durumu yaxşı deyil. Ümumiyyətlə, ölkədə “Qarabağ” və “Qəbələ”dən başqa heç bir komandanın vəziyyəti yaxşı deyil.
- Bu mövsüm “Qarabağ”la “Qəbələ” həm çempionda, həm də ölkə kubokunda yalnız bir-birilərinə rəqibdilər. Belə rəqabətsiz mühit onların avrokuboklardakı nəticələrinə mənfi təsir göstərməz?
- Onlar özləri də ortabab futbol oynayırlar. Bu rəqabətsiz durum Azərbaycan futbolunu uçuruma aparır. Ölkədə futbol sönüb. Bu gedişlə “Qarabağ” və “Qəbələ” də yerlərində sayacaqlar. Vaxtilə 7 komanda çempionluq uğrunda mübarizə aparırdı. Hardadı onlar, niyə yoxa çıxdılar? İstədiyimiz oyunları indi görmürük.