2033
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun müsahibəsi
- Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. “Qarabağ” və “Qəbələ”ni indidən əminliklə finalda saymaq olarmı?
- “Qəbələ” – “İnter” cütlüyündə “Qəbələ” artıq finaldadı. “Qarabağ” – “Neftçi” duelinə gəlincə, orda da məsələ böyük ölçüdə həll olunub. Ancaq “Neftçi”nin sürpriz etməsi də istisna deyil. Əlbəttə ki, bu, heç də asan deyil. Çünki “Qarabağ” güclü heyətə malik, stabil oyun göstərən komandadı.
- “Neftçi” tarixinin ən uğursuz mövsümlərindən birini keçirir. Siz bunun səbəbini nədə görürsünüz?
- “Neftçi”də bir mövsüm ərzində çox dəyişikliklər oldu. Bu komanda həmişə çempionluq uğrunda mübarizə aparıb. İndi belə vəziyyətə düşməsi heç yaxşı hal deyil.
- Sizcə, problem baş məşqçidə, futbolçularda, yoxsa rəhbərlikdədi?
- Mən indiyə qədər heç vaxt həmkarlarım barədə mənfi fikir bildirməmişəm. Amma deməliyəm ki, “Neftçi” kimi klubun təcrübəli məşqçiyə ehtiyacı var. Bununla Elxan Abdullayevə əsla söz atmaq fikrim yoxdu. Elxan öz üzərində işləyir, nəsə etməyə çalışır. Amma “Neftçi” kimi komandada azarkeşlər heç ikinci yeri də qəbul etmək istəmirlər.
- “Neftçi”nin avrokuboklara vəsiqə şansını necə qiymətləndirirsiniz?
- Ölkə kubokunda bu şans, demək olar ki, əldən çıxıb. Çempionatda isə gərək 4-cü yeri tutsunlar. Amma indiki vəziyyətdə bu, çox çətin görünür. Düzdü, futbolda mümkünsüz heç nə yoxdu. Ancaq “Neftçi”nin çempionatı 4-cü pillədə bitirməsi inandırıcı görünmür.
- Sizə gələn mövsüm “Neftçi”ni çalışdırmaq təklif olunsa, qəbul edərsinizmi?
- İndidən bu barədə nəsə deməyim doğru olmaz. Mövsüm başa çatsın, gələn mövsümə sonra baxmaq olar.
- “Qəbələ”nin finala adlayacağından əmin danışdınız. “İnter”ə şans verməməyiniz nədən qaynaqlanır?
- Etiraf edək ki, “Qəbələ”nin heyəti rəqibindən aşkar güclüdü. Bundan başqa, “İnter” səfərdə gərək 3 qol vursun. Bunun isə reallaşacağını şəxsən mən gözləmirəm.
- “Qəbələ” və “Qarabağ” kubokda finala asanlıqla adlayırlar və çempionatda da bir-biriləri ilə yarışırlar. Demək olarmı ki, mövsüm iki komandanın yarışı ilə keçir?
- Təəssüf ki, vəziyyət belədi. Həm “Qarabağ”, həm də “Qəbələ” digər komandalardan qat-qat üstündülər. Rəqabətsizlik mühitinə düşmələri ən çox onların özlərinə ziyan vuracaq. Bu gedişlə komandaların avrokuboklarda bu dəfə qrup mərhələsinə düşmələri çətin görünür. Çünki rəqabət olmayan yerdə inkişaf da gedə bilməz.
- Sizcə, ölkə çempionluğuna hansı komanda daha şanslıdı.
- Əlbəttə ki, “Qarabağ”. Hər şey onların öz əllərindədi. “Qarabağ” yenə “qızıl dubl” eləməyə çalışacaq. Hazırda da çempionatda “Qəbələ”dən 4 xal öndədilər və bu komandanı öz meydanlarında qəbul edəcəklər. apasport.az