2700
Avropa çempionatının final mərhələsinin iştirakçısı olan Xorvatiya yığması istər seçmə, istər final mərhələsi yarışlarında həmişə əzmkar oyun nümayiş etdirib və bununla da milyonlarla azarkeşin rəğbətini qazanıb. Yuqoslaviya Federasiyasının dağılmasından sonra müstəqilliyini əldə edən Xorvatiya 1992-cı ildə FİFA və UEFA-ya üzv qəbul edilib.
Xorvatiya yığması ilk dəfə 1996-cı ildə Avropa çempionatında iştirak edib və final mərhələsində oynamaq hüququ qazanıb. 1998-ci ildə keçirilən dünya çempionatında isə Xorvatiya 3-cü yeri tutaraq öz tarixində ilk ən böyük uğuruna imza atıb. Elə bu dünya çempionatının bombardiri də Xorvatiya yığmasının oyunçusu Davor Şuker olub. Xorvatiya 1994-və 1998-ci illərdə FİFA tərəfindən ən inkişaf etmiş yığma komanda hesab edilib. Bu da təsadüfi deyil. Xorvatiya yığması qısa müddətdə 125-ci yerdən 3-cü yerə yüksəlməyi bacarıb. 2002 və 2006-cı illərdə dünya çempionatının final mərhələsində oynamaq hüququ qazanan Xorvatiya yığması hələlik keçmiş uğurunu təkrar edə bilməyib. Xorvatiya yığması hazırda FİFA reytinqində 23-cü, UEFA reytinqində isə 12-yerdədir.
Futbolda ilk addımlar
Xorvatiyada futbol ötən əsrin əvvəllərində oynanılmağa başlanıb. 1903-cü ildə ölkədə ilk futbol klubları təşkil olunub. Həmin dövrdə Avstriya-Macarıstan imperiyasının tərkibində olan Xorvatiya beynəlxalq yarışlarda müstəqil şəkildə çıxış edirdi. I Dünya müharibəsi başa çatandan sonra Xorvatiya yeni yaradılan Yuqoslaviya Federasiyasının tərkibinə daxil edildi. Yuqoslaviyanın ilk çempionu da Xorvatiyanın Zaqreb şəhərinin “Qrajdanski” klubu olub. Almaniya Yuqoslaviyanı işğal edəndən sonra Xorvatiya yarımmüstəqil dövlət kimi 1945-ci ilədək mövcudluğunu davam etdirib. Bu müstəvidə də Xorvatiya yığması ilk rəsmi oyununu 1940-cı il aprel ayının 2-də İsveçrə ilə keçirib. 1941-ciildə FİFA-ya üzv qəbul edilən Xorvatiya 3 il ərzində 19 rəsmi oyun keçirib. Xorvatiya yığması bu oyunlardan 9-da qalib gəlib, 4 dəfə heç-heçə oynayıb, 6 dəfə isə məğlub olub. Almaniyanın II Dünya müharibəsində məğlub olması nəticəsində Xorvatiya yenidən müstəqilliyini əldən verməyə məcbur olub.
1945-1990-cı illərdə Xorvatiya Yuqoslaviyanın tərkibində klub komandaları səviyyəsində keçirilən beynəlxalq yarışlarda iştirak edib. Xorvatiyalı futbolçular Yuqoslaviya yığmasının heyətində1960-cı ildə Olimpiadanın qızıl medallarını alıblar. 1962-ci ildə keçirilən dünya çempionatında xorvat Drajan Yerkoviç 5 ən yaxşı bombardirdən biri olub.
Xorvatiya müstəqilliyini əldə etdikdən sonra, 1996-cı ildə Avropa çempionatında iştirak edib. Xorvatiya seçmə yarışlarda 23 xal toplayaraq final mərhələsində oynamaq hüququ əldə etsə də, növbəti mərhələdə uğursuz çıxış edib. Xorvatiya bu mərhələdə dörddəbir finala kimi irəliləyib, amma Portuqaliyaya uduzaraq mübarizəni dayandırmalı olub.
İlk böyük uğur
Xorvatiya yığması 1998-ci ildə keçirilən dünya çempionatının qrup mərhələsi yarışlarını uğurla keçirdi. Seçmə yarışlarda ikinci yeri tutaraq pley-off matçında Ukraynanı məğlub edən Xorvatiya yığması dünya çempionatının finalına vəsiqə qazandı və burada da uğurlu çıxışlarını davam etdirdi. Xorvatiya final mərhələsi oyunlarında öz qrupunda 2-ci yeri tutaraq növbəti mərhələyə adladı. Səkkizdəbir final oyununda Rumıniya üzərində 1:0 hesabı ilə qələbə çalan Xorvatiya yığması dörddəbir finalda Almaniya yığmasını 3:0 hesabı ilə darmadağın etdi. Lakin yarımfinalda Xorvatiya meydan sahibləri olan Fransaya 1:2 hesabı ilə məğlub oldu. Üçüncü yer uğrunda mübarizədə isə Xorvatiya Hollandiya üzərində 2:1 hesabı ilə qələbə çaldı. Beləliklə, Xorvatiya yığması öz tarixində ilk dəfə dünya çempionatının bürünc medalını qazandı. Xorvatiya yığmasının hücumçusu Davor Şuker isə 6 qolla turnirin bombardiri oldu. Lakin sonrakı dünya və Avropa çempionatlarında Xorvatiya uğurunu təkrar edə bilmədi.
2014-cü ildə keçirilən dünya çempionatının final mərhələsində oynamaq hüququ qazanan Xorvatiya Braziliya, Meksika və Kamerunla bir qrupda yarışmalı oldu. İlk oyunda Xorvatiya Braziliya ilə qarşılaşdı. Xorvatlar oyunda hesabı açsalar da, sonra öz qapılarından 3 top buraxaraq 1:3 hesabı məğlub oldular. İkinci oyunda isə Xorvatiya yığması Kamerun üzərində 4:0 hesabı ilə qələbə çaldı. Lakin növbəti mərhələyə çıxmaq uğrunda həlledici oyunda Xorvatiya yığması Meksikaya 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı.
Seçmə yarışlarda qazanılan çətin qələbələr
Avropa çempionatının seçmə yarışlarında Xorvatiya yığması H qrupunda İtaliya, Norveç, Bolqarıstan, Azərbaycan və Malta ilə ilə növbəti mərhələyə çıxmaq uğrunda mübarizə apardı. Xorvatiya yığması bu mərhələdə keçirdiyi 10 oyundan 7-də qalib gəldi, 3-də meydandan sülhlə ayrıldı, yalnız bir oyunda məğlub oldu. Nəticədə, Xorvatiya yığması 20 xalla öz qrupunda ikinci yeri tutaraq Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı. Xorvatiya yığması D qrupunda İspaniya, Çexiya və Türkiyə ilə növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparacaq. Xorvatiya yığması ilk oyununu iyunun 12-də Parisdə Türkiyə yığması ilə keçirəcək. İyunun 17-də Xorvatiya Sent-Etyenn şəhərində Çexiya ilə, iyunun 21-də isə Bordo şəhərində İspaniya ilə qarşılaşacaq.
Xorvatiya yığmasının bu qrupdan növbəti mərhələdə oynamaq hüququ verəcək iki vəsiqədən birini qazanmaq imkanları var. Özü də həm Türkiyə, həm də Çexiya Xorvatiya üçün tanış komandalardan hesab edilirlər. Bununla belə, bütün hallarda Xorvatiya yığmasına növbəti mərhələyə vəsiqə qazanmaq heç də asan olmayacaq. Çünki həm Türkiyə, həm də Çexiya yığmaları sona kimi mübarzə aparmağı bacaran əzmkar komandalardan hesab edilirlər. Bu baxımdan Xorvatiyanı öz qrupunda çətin oyunlar gözləyir. Xorvatiya yığması Avropa çempionatına hazırlıq çərçivəsində Macarıstanla yoldaşlıq oyunu keçirib. Oyun1:1 hesabı ilə başa çatıb. Xorvatiya yığmasının baş məşqçisi Ante Çaçiç deyib ki, komandası Avropa çempionatında medallar uğrunda mübariə aparacaq. O, əsas məqsədlərinin öz qruplarından növbəti mərhələyə çıxmağa imkan verəcək iki vəsiqədən birinin əldə edilməsi olduğunu söyləyib. Çaçiçin fikrincə, Xorvatiyanın medallar uğrunda mübarizə aparmağa gücü çatacaq.
Əziz Mustafa