1831
23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İslam Həmrəylik Oyunlarında “Ölüm qrupu”na düşüb. "apasport"un məlumatına görə, Yaşar Vahabzadənin yetirmələrinin yer aldığı qrupun komandaları turnirin ən titullu milliləridi. Belə ki, İslamiadanın əvvəlki iki qalibi yığmamızı sınağa çəkəcək. İndiyədək bu yarışda iki dəfə futbol turniri baş tutub. 2005-ci ildə Səudiyyə Ərəbistanı, 2013-cü ildə isə Mərakeş İslam dünyasının ən güclü futbol komandası adını qazanıb. Bu nəhənglər də A qrupunda Azərbaycan millisi ilə üz-üzə gələcək.
12 il öncə İslamiadanın ilk finalında elə bu iki komanda qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn Səudiyyə Ərəbistanı çempion tituluna yiyələnib. Mərakeş isə Bakıya son qalib kimi gəlir. Bir qızıl və bir gümüşə malik bu yığma 4 il öncə İndoneziyanı finalda məğlub edib – 2:1. Elə ərəbistanlılar da son turnirin yarımfinalçısı olub. Onların hesabında bir qızıl və bir dördüncülük var. Yəni hər iki rəqibimiz indiyədək qrupda qalmayıb.
Düzdü, əvvəlki iki turnirlə bağlı bəzi nüanslar qeyd edilməlidi. 2005-ci ildə əksər ölkələr əsas, bəziləri U-23 ilə qatılmışdı. 2013-cü ildə isə əksər komandalar U-23, çempion olan Mərakeş isə U-20 ilə mübarizə aparıb.
Kamerun yığması İslamiadanın debütantıdı. Amma həm bu ölkənin, həm də digər iki millinin əsas üstünlüyü ondadı ki, onların U-23-ü əvvəllər də olub. Yeni formalaşan Azərbaycan yığmasında fərqli, bu komandalar həmin yaş qrupunda müxtəlif illərdə böyük uğurlar qazanıb.
Kamerunun U-23 yığması 2000-ci ilin olimpiya çempionudu. Düzdü, həmin heyətin üzvləri istisnaları saymasaq, artıq karyeralarını bitirmiş sayılır. Lakin 17 il əvvəlki uğur bu ölkənin aşağı yaş qrupunun bizim üçün böyük təhlükə olduğunu göstərir. Kamerunluların U-23 millisi 1991, 1999, 2003 və 2007-ci illərdə Afrika Oyunlarının da qalibi olub.
4 dəfə Olimpiada, 1 dəfə Afrika çempionatına qatılan Mərakeş U-23-nün böyük uğuru yoxdu. Amma Olimpiya Oyunlarını televiziyadan izləyən futbolçularımızla müqayisədə həmin yarışın iştirakçısı olmağın özü də nəticə hesab olunur. Səudiyyə Ərəbistanının U-23 yığması da Olimpiada görüb. Bir dəfə bu yarışda, bir Asiya Oyunları və iki qitə çempionatında çıxış edən yarımada təmsilçisi sonuncu yarışda gümüşə sevinib.