2234
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2017” superturnirinin ötənilki qalibi Şəhriyar Məmmədyarov aprelin 20-də start götürəcək sayca dördüncü yarış haqqında fikirlərini bildirib. Azərbaycanlı şahmatçı Şəmkir turnirinin onun karyerasında özünəməxsus yer tutduğunu söyləyib: “Şəmkir turniri dostumuz, Azərbaycanın fəxri Vüqar Həşimovun xatirəsinə həsr olunub. Uzun illər Vüqarla komanda yoldaşı olmuşuq. Hər zaman bir-birimizə kömək etmişik. Buna görə həmişə Vüqar Həşimov memorialına böyük həvəslə yollanıram. Bu il həmin tarixlərdə keçiriləcək başqa turnirdən dəvət almışdım. Bununla belə Şəmkirdə iştirakla bağlı qərar qəbul etdim. Üstəlik, yarışın son qalibi kimi bu il də yüksək yerlər uğrunda mübarizə aparmaq fikrindəyəm. İştirakçıların siyahısında demək olar ki, zəif şahmatçı yoxdur. Bütün şahmatçılar FIDE reytinqində yüksək yerlərdə qərarlaşıb. Dünya çempionu Maqnus Karlsenin olmaması mübarizəni asanlaşdırmır. Əksinə, o, olmadığı üçün iddiaçıların sayı artır”.
Turnirin sonuncu qalibi kimi bu il də qələbə uğrunda mübarizəyə ciddi hazırlaşdığını vurğulayan Ş.Məmmədyarov yarışın gərgin idman mübarizəsi şəraitində keçəcəyini qeyd edərək deyib: “Dünya çempionları Vladimir Kramnik, Veselin Topalov, dünya çempionluğuna namizəd olmuş Sergey Karyakin kimi güclü şahmatçıların yarışdığı turnirdə bizi gərgin idman mübarizəsi gözləyir.
Şahmatçılar adından Təşkilat Komitəsinə, “Synergy Group”a təşəkkür etmək istərdim. Hazırda dünyada yüksək kateqoriyalı şahmat yarışları azlıq təşkil edir. Bununla belə təşkilatçılar Şəmkir turnirinin ənənəvi təşkil edilməsinə nail olublar. Bununla da onlar Vüqar Həşimovun xatirəsinə böyük ehtiram nümayiş etdirir, Azərbaycanda şahmatın inkişafına dəstək verirlər. Mən həmişəki kimi, Şəmkirə böyük sevinclə yola düşürəm. Bu il də şahmat həvəskarlarının çox maraqlı partiyalar izləyəcəklərinə əminəm”.