1962
.jpg)
Bu gün Topaz Premyer Liqasında XXV tura start verilib. İlk oyun günü liderlərin qarşılaşması ilə əlamətdar olub. Çempionatın turnir cədvəlində ilk iki pillədə qərarlaşan “Qarabağ”la “Qəbələ” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib. Baş məşqçi Roman Qriqorçuk 4 gün öncə keçirilən kubok oyunu ilə müqayisədə turun mərkəzi qarşılaşmasına fərqli heyət buraxıb. “İnter”lə matçda ilk “11-lik”də yer alan Rasim Ramaldanov, Asif Məmmədov, Məhəmməd Mirzəbəyov, Rikardinyo, Roman Hüseynov, Teo Uiks, Daniel Subotiç və Rəşad Eyubov bu dəfə start heyətindən kənar düşüb. Əvəzində Rəşad Sadiqov, Nika Kvekveskiri, Sergey Zenyov, Ruslan Qurbanov, Cavid Hüseynov, Filip Ozobiç, Ürfan Abbasov və Tellur Mütəllimov ilk dəqiqələrdən meydanda olub.
Oyun komandaların qarşılıqlı hücumları ilə başlayıb. İlk dəqiqələrdən daha istəkli təsir bağışlayan “Qəbələ” cüzi üstünlüyə yiyələnib. Bunun nəticəsində matçın əvvəlində iki dəfə müdafiəçilərin səhv etməsindən yararlanan Baqali Dabo təhlükəli vəziyyət yaradıb. Əvvəl zərbəsi istənilən kimi alınmayan hücumçu sonrakı epizodda ötürmə ilə diqqət çəksə də, qapını dəqiq nişan alan olmayıb. Az sonra isə fransalı legionerin qapıçı ilə üz-üzə qalmasının qarşısını rəqibin dəqiq icra etdiyi sürüşmə fəndi alıb. Bundan sonra meydan sahibləri də hücumlarının kəsərini artırıb. Ardıcıl bir neçə epizodda Dmitri Bezotosnı "Qəbələ"ni qoldan xilas edib. Dino Ndlovunun zərbəsi zamanı isə top dirəyin yanından ötüb. Hissənin ortalarında Ruslan Qurbanovun baş zərbəsi diqqət çəkib. Künc zərbəsindən sonra isə Rəşad Sadiqovla Filip Ozobiçin topu qapıya göndərmək cəhdləri boşa çıxıb. Xorvatiyalının əlverişli mövqedə qazandığı cərimə zərbəsi də hesabın açılması ilə nəticələnə bilərdi. Lakin Filipin zərbəsi alınmayıb. Fasilə öncəsi “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin keçidi yaddaqalan olub. Bir neçə futbolçunu keçən rəqibin zərbəsi müdafiəçidən küncə çıxıb.
İkinci hissə eyni ssenari ilə başlayıb. Lakin ilk dəqiqələrdəki qarşılıqlı hücumlar real qol vəziyyətinin yaranması ilə nəticələnməyib. Az keçməmiş meydan sahibləri fəallığı artırıb və üstünlüyə yiyələnib. “Qarabağ”ın təhlükəli həmlələri bir neçə qol vəziyyətinin yaranması ilə nəticələnib. Bir neçə dəfə Bezotosnı ustalığını nümayiş etdirib. Ağdam təmsilçisinin futbolçularının bir neçə zərbəsi zamanı isə zərbələr qeyri-dəqiq alınıb. “Qəbələ” isə əvəzetmələrlə oyunda dönüş yaratmağa çalışıb. Daniel Subotiç və Asif Məmmədovun meydana daxil olmasından sonra “qırmızı-qaralar” da bir neçə dəfə ön xətdəki oyunu ilə diqqət çəkib. Ozobiçin cərimə meydanından sonra cərimə meydanında yaranan qarışıqlıqda topa dəqiq zərbə endirən olmayıb. Ürfan Abbasovun cinah asmasından sonra baş zərbəsi endirən Subotiçə isə dəqiqlik çatmayıb. Görüşün sonluğu zamanı da azarkeşlər qarşılıqlı hücumlar izləyib. Amma hər iki komandanın müdafiə xətti etibarlı oyunu ilə diqqət çəkib.
Beləliklə, çempionatın liderləri “Qarabağ” və “Qəbələ”nin mövsümdəki 4-cü oyunu qolsuz heç-heçə ilə nəticələnib.
Azərbaycan Premyer Liqası
XXV tur
9 aprel (bazar)
“Qarabağ” – “Qəbələ” - 0:0
İlk 3 dövrədəki oyunlar: 0:2, 2:1, 0:2
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Markos Madera, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 14. Cavid Hüseynov (k), 18. Baqali Dabo, 19. Filip Ozobiç, 34. Urfan Abbasov, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov, 27. Teo Uiks, 31. Daniel Subotiç
Baş məşqçi: Roman Qriqorçuk