çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

"Azərbaycanlı oyunçular texniki oyuna üstünlük verirlər"

09.04.2017 21:28 Oxundu 1851

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində bu gün keçirilmiş Azərbaycan – Albaniya oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Biro Jade (Azərbaycan millisinin baş məşqçisi): “Düzdü, qalib gələndə kənardan hər şey yaxşı görünür. Bu gün müdafiə və hücum xətti çox yaxşı oynadı. Nə fikirləşmişdiksə, oyunçularımız hamısını yerinə yetirdilər və qələbə qazandıq. Uşaqlara təşəkkür edirəm. Birinci hissədən sonra oyunçulara tapşırdım ki, onlarla birə-bir oynasınlar.
Komandaya dəvət etdiyim və birgə işlədiyim futzalçılara inanıram. Meydana kimi buraxacağımla bağlı vəziyyətə uyğun qərar verirəm. Dünən Xətai Bağırov oynamadı, amma bu gün bütün oyunu meydanda keçirdi. Mümkün qədər hər bir oyunçuya meydana çıxması üçün şərait yaradırıq.
Gələcəyə nikbin baxıram. Gənc oyunçularla işlədikcə, güclü futzalçılarımız yetişəcək. Azərbaycanlı oyunçular texniki oyuna üstünlük verirlər. Ukrayna, Rusiya, Qazaxıstan və Azərbaycanda oynamışam, düşünürəm ki, sizin oyunçuları texnikasına görə ukraynalılarla müqayisə etmək olar”.

Erind Resuli (Albaniya millisinin baş məşqçisi):
“Azərbaycan millisi çox güclü rəqibdir. Albaniya yığması indiyə qədər bu mərhələyə yüksəlməyib. İlk dəfədir əsas mərhələdə çıxış edirik. Oyuna gəldikdə, birinci hissədə bərabərsəviyyəli qarşılaşma izlədik. Bir səhv etdik və Azərbaycan millisi bundan faydalandı. Bizim isə azı 2 real qol şansımız oldu. Komandamın fasiləyə qədər daha yaxşı oynadığını düşünürəm. Bu sözləri ikinci hissə haqda deyə bilmərəm. 2-3 ciddi səhv buraxdıq. Hesab 3:0 olduqdan sonra bizim üçün hər şeyin bitdiyi aydınlaşdı. Qələbə münasibəti ilə komandanızı təbrik edirəm. Xüsusilə də qapıçınız çox yaxşı oynadı, ən azı 3-4 epizodda vacib reaksiya nümayiş etdirdi və qol vurmağımıza imkan vermədi.
Fikrimcə, Azərbaycan millisi qrupun ən güclüsüdür. Komandanız kifayət qədər təcrübəli və səviyyəli futzalçılardan qurulub”.