çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

Zidan: "Noyer divar kimi möhkəm idi"

13.04.2017 10:07 Oxundu 1806

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Bavariya”nın qonağı olan “Real” böyük üstünlük əldə edib. Kriştianu Ronaldonun dubl etdiyi görüşdə “kral klubu” 2:1 hesablı qələbəyə sevinib. “Alyans Arena”dakı bu qalibiyyət İspaniya nəhəngini yarımfinala xeyli yaxınlaşdırıb. Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildiriblər.

Karlo Ançelotti (“Bavariya”nın baş məşqçisi): “Bu gün bəxtimiz gətirmədi. Hesabda öndə olarkən penaltini qaçırdıq. Birinci hissəni aşkar üstün keçirdik və əsl gücümüzü göstərdik. Ronaldo oyunun müqəddəratını həll etdi. Qırmızı vərəqə almağımız onun yolunu açdı. Xavi Martinesin bir günahı yox idi. “Real” əks-hücumla onu buna məcbur etdi. Martines bizim üçün önəmli futbolçudu. Gələn həftə işimiz çox çətin olacaq. Bu nəticədən sonra nəyisə əminliklə demək olmaz. “Real” bizə ümid yeri qoydu. İnanıram ki, Levandovski və Hummels cavab görüşünə qədər sıraya dönəcəklər”.

Zinəddin Zidan (“Real”ın baş məşqçisi): “İlk oyundan sonra heç vaxt cütün taleyi həll olunmur. Çox yaxşı oyun keçirdik, hətta daha 1-2 qol vura bilərdik. Yenə də oyundan razıyıq. Sadəcə, çox qol vura bilmədiyimiz üçün məyusam. Amma rəqibin də dünya səviyyəli qapıçısı var ki, bu gün divar kimi möhkəm idi. Birinci hissə çox çətin keçdi, amma fasilədən sonra vəziyyəti düzəltdik. Əlbəttə ki, 10 nəfərə qarşı mübarizə aparmaq asandı. Noyerin seyvlərinin sayını itirdim. “Bavariya” böyük komandadı. Gələn həftə hər şeyə aydınlıq gələcək.

O ki qaldı futbolçulara, Ronaldo öz oyunundan razı qaldı, amma daha bir neçə şansı qaçırdı. Beyl fasilədə özünü narahat hiss edirdi, bu üzdən də onu əvəzlədim. Ümid edirəm ki, ciddi problemi yoxdu. Sonradan meydana daxil olan Asensiodan isə çox razı qaldım”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 18-də keçiriləcək.