çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

Bu gün daha iki yarımfinalçı məlum olacaq

19.04.2017 08:16 Oxundu 2091

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq. “Barselona” – “Yuventus” və “Monako” – “Borussiya” oyunları ilə sonuncu yarımfinalçıların adlarına aydınlıq gələcək. “Barselona” ilk görüşdə 0:3 hesabı ilə uduzduğu “Yuventus”dan revanş almağa çalışacaq. Əvvəlki mərhələdə geridönüş edərək, PSJ-ni şoka salan kataloniyalılar eyni ssenarini “qoca sinyora” önündə də həyata keçirmək arzusundadı. Lakin əksəriyyət rəqibin “Yuventus” olduğunu əsas gətirərək, bunun təkrarlanacağına inanmır.

Luis Enrikenin yetirmələri ötən həftəsonu La Liqada “Real Sosyedad” üzərində çətin qələbə qazanıb – 3:2. “Yuventus” isə A seriyasında “Peskara”nı Qonsalo İquainin qolları ilə üstələyib – 2:0. Bu görüşdə zədə aldığı bildirilən, “Barselona” ilə ilk oyunun qəhrəmanı Paulo Dibala cavab matçında iştirak edə biləcək.

“Monako” – “Borussiya” görüşü də gərgin mübarizə vəd edir. Bu komandaların Dortmunddakı ilk qarşılaşmasında azarkeşlər 5 qola şahidlik etmişdilər. Həm “Monako”, həm də “Borussiya”nın hücum futboluna üstünlük verməsi cavab oyununun da qollarla zəngin olacağını istisna etmir. Səfərdə 3:2 hesablı qalibiyyət “Monako”nun mərhələ adlamaq şansını artırır. Ancaq “Borussiya”nı da hesabdan silmək olmaz. Tomas Tuhelin yetirmələrinin təslim olmayaraq, sona qədər “döyüşəcəyini” gözləyə bilərik.

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

19 aprel

22:45. “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun – 0:3

22:45. “Monako” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 3:2