2072
Azərbaycan Premyer Liqasının XXVIII turu başdan-ayağa formal xarakter daşıya bilər. "apasport"un məlumatına görə, bu, həftəsonu keçiriləcək XXVII turun nəticələrindən asılıdı. Belə ki, qarşıdakı 4 matç son iki tur öncəsi qalan hər iki suala aydınlıq gətirmək gücündədi. Söhbət 2-ci yerlə gümüş qazanacaq və 4-cü yerlə avrokuboklara gedəcək son komandanın adının müəyyənləşməsindən gedir.Bütün sualların aradan qalxması üçün görüşlərin hamısında münasib nəticələr qeydə alınmalıdı. “Gümüş”lə “bürüncü” öz arasında bölüşəcək “Qəbələ”ylə “İnter” arasındakı matçda ilk suala aydınlıq gələcəyi daha realdı. Çünki evdə oynayan əyalət klubunun 2-ciliyinin son turadək təxirə salınması üçün bakılılar 2 və ya daha çox top fərqi ilə qalib gəlməlidi. Digər hallarda “İnter” üçüncülüklə indidən barışacaq. Amma 4-cü yerin sahibinin müəyyənləşməsi daha çətindi. Bunun üçün 3 görüşün nəticəsi vacibdi. Hazırda 33 xalla 4-cü olan “Zirə”nin bu mövqeyi təmin etməsi üçün ilk növbədə “Neftçi”ni məğlub etməlidi. Belə olan halda “ağ-qaralar” avrokubok xəyalından əl çəkəcək. Zirəlilərin avrokubok yoluna maneə olacaq “Sumqayıt”la “Kəpəz”in də sıradan çıxması Ayxan Abbasovun yetirmələrini qitə miqyaslı turnirlərə aparacaq. Bunun üçün “Sumqayıt” “Qarabağ”la görüşdə mütləq uduzmalı, “Kəpəz” isə AZAL-la matçda xal itirməlidi. Bütün bu şərtlər daxilindəki nəticələr “Zirə”nin avrokuboklarda debüt imkanı verəcək vəsiqəsi son tur öncəsi rəsmiləşəcək.