çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

Luis Enrikenin azarkeşlərə məsləhəti: "80-ci dəqiqədən sonra stadiondan getməsinlər"

19.04.2017 13:52 Oxundu 1954

Bu gecə diqqətlər "Barselona - Yuventus" oyununa yönələcək. Bu da təsadüfi deyil. Belə ki, turində keçirilmiş matçda 0:3 hesabı ilə uduzan "Barselona" öz meydanında "Yuventus"dan revanş almağa çalışacaq. Ötən mərhələnin ilk oyununda PSJ-yə 0:4 hesabı ilə məğlub olub, cavab görüşündə 6:1 hesablı qələbə qazanan kataloniyalıların yenə geridönüş edib-etməyəcəyi maraqla gözlənilir. Bəs bu barədə komandaların baş məşqçiləri nə fikirdədirlər?

"Barselona"nın baş məşqçisi Luis Enrike deyib ki, hazırkı durum, müəyyən mənada, PSJ ilə cavab oyunundan əvvəlki vəziyyətə oxşayır: "Bu dəfə bir qədər az qol vurmalıyıq. Lakin düşünürəm ki, "Yuventus"un da matç ərzində fərqlənmək şansı olacaq. Buna görə də, "Barselona" qarşısına 5 qol vurmaq tapşırığı qoyub. Əgər erkən qol vura bilsək, "Nou Kamp"dakı dəstəyin köməyi ilə 2 və 3-cü dəfə də fərqlənə bilərik. İtirəcəyimiz bir şey yoxdu. "Barsa"nın bir çıxış yolu var: hücum, hücum, yenə də hücum. Azarkeşlərə məsləhət görərdim ki, 80-ci dəqiqədən sonra stadiondan getməsinlər. Əks halda, nəyisə buraxmış olacaqlar. Daha bir tarix yazmaq istəyirik".

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri isə bildirib ki, "Barselona" ilə matç bizim üçün yekun imtahan olmayacaq: "Bu, "Yuventus"un inkişaf mərhələsində vacib oyunlardan biridi. "Yuve" hər il Avropanın ən güclü 8 klubunun sırasında yer almalıdı. Psixoloji baxımdan özümüzə çox güvənirik. Yarımfinala adlamaq üçün yaxşı şansımız var. Amma bu, Kardiffə gedən yolda, sadəcə, növbəti sınaqdı. Yəni yarımfinala vəsiqə qazanmaq Çempionlar Liqasının qalibi olmaq demək deyil".