1405
İyulun 7-də UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Daçiya” ilə cavab oyunundan (0:1) sonra dünən “Kəpəz” axşam saatlarında vətənə dönüb. Səfərdən zəfərlə qayıdan komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında bir qrup “Xəmsə” azarkeşi qarşılayıb. “Sarı-göylər”i müxtəlif bəstələr və şüarlarla salamlayan fanatlar sonda klub rəsmiləri, məşqçilər korpusu və futbolçularla şəkil çəkdiriblər.
newsport.az-ın məlumatına görə, qarşılanma mərasimindən sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev müsahibə verib. O bildirib ki, “Kəpəz” komandası bir ailə altında birləşən komandadır: “Nə istədiyimizi başa düşür və anlayırıq. Ümumiyyətlə, yavaş-yavaş sistemə oturan komandamız var. Futbolçular həqiqətən də başa düşürdülər ki, Kişniyovda mütləq hədəflədiyimiz işin öhdəsindən gəlməliydik. Əlimizdə şans var idi. Bu şansa bizim qismətimizə düşmüşdü. Futbolçular qələbə qazanmaq, “Kəpəz”in tarixi ərzində ilk dəfə mərhələ adlamasına yardımçı olmaq istəyirdilər. Mənə elə gəlir ki, komandamızda istək çox idi. Ən əsası komandamız komanda şəkilində meydanın hər qarışı uğrunda vuruşa bildi. Məni sevindirən budur ki, komanda taktiki cəhətdən çox ağıllı oynadı, öz qol vəziyyətini gözlədi və buna da nail oldu.
Növbəti mərhələdəki rəqibi haqqqında danışan baş məşqçi deyib: “Avstriyanın “Admira” komandası əgər səfərdə 3 qol vurub, Slovakiya komandasını məğlub edə bilirsə, bu, artıq rəqibimizin gücündən xəbər verir. Ancaq yaxın 2 gündə komandanı analiz edəcəyik. Həmin komandanın oyunlarına baxdıqdan sonra qəti fikir bildirə bilərəm”.
O daha sonra vurğulayıb: “Ayın 10-da məşqlərimizi bərpa edəcəyik. Ayın 12-nə qədər səmərəli məşq etməliyik. Həm taktiki, həm də fiziki hazırlıq üzərində çalışmalıyıq ki, komandamız növbəti oyun üçün hazır olsun. Yəqin ayın 13-ü səhər saatlarında da Avstriyaya yollanacağıq”.