1778
AÇ-2016-nın finalında - Portuqaliya - Fransa matçının taleyini Ederin 109-cu dəqiqədə vurduğu qol həll etdi. Oyunda başqa qol qeydə alınmadı, nəticədə Portuqaliya millisi kuboku qazandı və qitə çempionluğunu bayram etdi. Amma hesablamalara görə, iyunun 10-dan iyulun 10-dək davam edən çempionatda ən çox qazanan Fransa oldu.
Belə ki, bir ayda Fransanın 10 şəhərində 51 matç keçirildi. 24 ölkənin millisinin iştrirakı ilə keçirilən yarışda Fransa iqtisadiyyatına 1 milyard 270 milyon qazanc gətirdi. Bu gəlirin 500 milyonu bilet satışından və qonaqların xərclədiklərindən əldə olundu. Qeyd edək ki, oyunların biletləri 25-895 avro arasında satışa çıxarılıb. Məlumata görə, 51 matçı 2 milyon 500 min nəfər izləyib ki, onların da yüzdə altmış faizi turist olub.
Çempionatın sponsorları da kifayət qədər qazanc əldə ediblər. Saat 18:00-23:00 aralarında Dominos Pizzada (fast food şəbəkəsi) hər beş saniyədə 5 pizza satıldığı söylənilir. Oyunların getdiyi hər gecədə normal axşamlarda içiləndən 40 milyon litr artıq pivə içilib.
Digər məlumatlara görə, bu turniri qalib kimi başa vuran Portuqaliya yerli futbol federasiyasına 25.5 milyon avro qazandıracaq. Finalda portuqallara uduzan Fransa 23.5 milyon alacaq. Çempionatın qrup mərhələsinə vəsiqə qazanmış hər komandanın aktivinə 8 milyon avro köçürüləcək. Qrup mərhələsində hər qələbəyə 1 milyon, heç-heçəyə görə 500 min avro verilir. 1/8 finalın iştirakçılarına 1.5, 1/4 finalçılara 2.5, yarımfinal mərhələsinə vəsiqə qazanan komandalara isə 4 milyon avro ayrılıb.
Avropa çempionatında ən çox qazanan iştirakçılar:
1. Portuqaliya - 25.5
2. Fransa - 23.5
3. Almaniya - 18.5
4. Uels - 18
5. Polşa - 14.5
6. Belçika, İslandiya, İtaliya - 14 milyon
7. Xorvatiya - 12
8. Macarıstan, İngiltərə, İspaniya, İsveçrə - 11.5 milyon
9. Slovakiya, İrlandiya - 11 milyon
10. Şimali İrlandiya - 10.5
11. Türkiyə, Albaniya - 9
12. Rumıniya, İsveç, Rusiya, Çexiya, Avstriya - 8.5
13. Ukrayna - 8 milyon
Qeyd edək ki, Avro-2016-nın büdcəsi 301 milyon avrodur. Avro-2008-də bu məbləğ 184, Avro-2012-də isə 196 milyon avro olmuşdu.