1749
İdman ölkəsi kimi tanınan Azərbaycan sentyabrda şahmat dünyasının diqqətində olacaq. 42-ci Ümumdünya Şahmat Olimpiadası həm də gənc nəslin şahmata olan marağını artıracaq.
Bakı Şahmat Olimpiadası Azərbaycanda keçirilən ən böyük idman yarışlarından biri hesab olunur. Mötəbər yarışda175-ə yaxın ölkənin, 2000-ə yaxın şahmatçının iştirak edəcəyi gözlənilir. Ümumilikdə Bakı 3000-ə yaxın qonaq qəbul edəcək.
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə müsahibəsində 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda danışıb. Mötəbər yarışa ciddi hazırlaşdıqlarını söyləyən Şəhriyar olimpiada zamanı şahmat həvəskarlarının yığmaya dəstək olacağına inandığını deyib: “Bu şahmat olimpiadası, mənim fikrimcə, Azərbaycan tarixində olacaq idman hadisələrindən biridi. 170-dən çox ölkənin nümayəndələrinin eyni zamanda Azərbaycana gəlməsi ölkəmiz üçün uğurdur. Azərbaycan şahmatçıları bu olimpiadaya ciddi hazırlaşmağa başlayıb. Ümid edirik ki, bu olimpiadada çox yaxşı nəticə göstərəcəyik. Bütün şahmatsevərləri, bütün azərbaycanlıları bu olimpiada vaxtı azərbaycan şahmatçılarını dəstəkləmələrini arzu edirəm. Və ümid edirəm ki, biz də yaxşı çıxış edib, çox çətin bir yarışda uğurlu nəticə əldə edə bilərik”.
Qeyd edək ki, 2016-cı il Şahmat Olimpiadası Bakıda keçirilməsi barədə Beynəlxalq Şahmat Federasiyasının Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunub.