çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Qrizmannın komandasının da günü gələcək

12.07.2016 15:26 Oxundu 1643

Fransada başa çatan futbol üzrə Avropa çempionatının doğurduğu əks-səda davam edir. Buna da da səbəb Fransanın öz meydanında növbəti dəfə Avropa çempionu ola bilməməsidir. Halbuki Fransanın doğma divarlar arxasında növbəti dəfə çempion ola biləcəyi proqnozlaşdırılmışdı. Çünki adətən Fransa yalnız doğma divarlar arxasında dünya və Avropa çempionları olmağı bacarıb. Bu baxımdan təbii ki, 2016-cı il Fransa yığması ilə 1984-cü ilin Avropa,1998-ci ilin isə dünya çempionu olan Fransası arasında böyük fərq dərhal nəzərə çarpırdı. 1984-cü il Avropa çempionu olan Fransa yığmasında Platini, Jiress kimi hücumçular vardı. Üstəlik qapını məşhur qapıçı Bats qoruyurdu.

1998-ci ildə dünya çempionu olan Zidanın Fransa yığması da rəqibləri üçün qorxulu bir təhlükə hesab edilirdi.

2016-cı il Avropa çempionatında isə belə demək mümkünsə Qrizmanın Fransası Platininin və Zidanın komandası ilə müqayisədə daha zəif təsir bağışlayırdı. Bu da aydındır: Platini və Zidanla müqayisədə Qrizman Fransa yığmasını öz arxasınca aparmaq iqtidarında deyildi və onlardan daha zəif olduğu aydın nəzərə çarpırdı.

Əlbəttə, 2016-cı il Fransasındakı oyunçular, o cümlədən Qrizman, Poqba və Lorisin ulduz kimi parlayacağı oyunlar hələ qabaqdadır. Xatırladaq ki, 12 il əvvəl Ronaldonun komandası da Portuqaliyada keçirilən Avropa çempionatının finalında Yunanıstana 0:1 hesabı ilə məğlub olmuşdu. Amma illər ötəndən sonra Ronaldo nəhayət ki, komandası ilə birgə Avropa çempionu ola bildi. Şübhəsiz ki, Qrizmannın komandasının çempion olmaq sevinclərini yaşayacağı gün gələcək.