2665
La Liqanın 34-cü turunda "Osasuna" ilə qarşılaşan "Barselona" rəqibini darmadağın edib - 7:1. Katalonlar bununla da bu mövsüm Primeroda 101-ci qolunu vurmuş olub. Luis Enrikenin komandası Avropa ölkələrinin çempionatları arasında 100 qol həddini keçən ilk kollektiv olub. "Barselona"nın bu mövsümkü 100-cü qoluna 32 yaşlı Xavier Maskerano imza atıb. O, 67-ci dəqiqədə penalti zərbəsi ilə rəqib qapıçını məyus edib. Maraqlıdı ki, 7 ildir komandada çıxış edən argentinalı "Barsa" forması ilə ilk dəfə fərqlənib.
"Barselona"nın baş məşqçisi Luis Enrike Xavyer Maskeranonun İspaniya çempionatının 34-ci turu çərçivəsində "Osasuna"ya vurduğu qolu belə şərh edib: "Çox qəribədir, Maskerano "Barselona"nın heyətində indiyədək qol vurmamışdı. Bu argentinalı futbolçunun "Barselona"da ilk qolu kimi tarixə düşdü". O həmçinin bildirib ki, Maskerano ən yüksək səviyyəli futbolçudur, onun oyunda ustalığı heç bir şübhə doğurmur.
Xavier Maskerano özü isə bununla bağlı belə deyib: "Əvvəlcə, mən penaltini vurmaqdan imtina etmək istədim. Amma azarkeşlərin və həmkarlarımın təzyiqindən sonra topa yaxınlaşdım. Onu da deyim ki, topu qapıdan keçirə biləcəyimə əmin deyildim".