2090
Azərbaycan Premyer Liqasının XXVIII turunda “Sumqayıt”ın qonağı olacaq “Qəbələ” bu görüşə ehtiyat qüvvə ilə çıxacaq. Bu da səbəbsiz deyil.Belə ki, ölkə kubokunun finalını düşünən baş məşqçi Roman Qriqorçuk “Sumqayıt”la görüşdə əsas heyətin əksər üzvlərinə istirahət verəcək. Matçın hazırlığına əvəzedici komandadan da bir neçə oyunçu dəvət edilib. “Qəbələ”nin heyətində bir zədəli futbolçu var. Söhbət uzun müddətdi komandasına kömək edə bilməyən Vitali Vernidubdan gedir.
Qeyd edək ki, aprelin 29-da keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı saat 16:00-da start götürəcək.
Bu matç komandalar arasında 20-ci duel olacaq. İndiyədək yalnız Premyer Liqada yolları kəsişən rəqiblər 19 dəfə üz-üzə gəlib. Əvvəlki görüşlərdə “Qəbələ” böyük üstünlüyə malikdir. “Qırmızı-qaralar” 13 qələbə qazanıbsa, yalnız 1 dəfə meydandan xalsız ayrılıb. Digər 5 qarşılaşmada qalib müəyyənləşməyib. Rəqib qapısına 37 qol vuran komandamız əvvəlki matçların hamısında rəqib qapısına yol tapıb. “Qırmızı-qaralar” öz qapısında 14 top görüb.
“Sumqayıt”ın meydanındakı matçlarda da üstünlük “Qəbələ”nin tərəfindədir. “Qırmızı-qaralar” rəqib meydanında 4 qələbə qazanıb, eyni sayda heç-heçə edib və yalnız bir dəfə uduzub. Səfərdə 15 qol vuran “Qəbələ" 5 top buraxıb.
“Sumqayıt”la oyunlarda “Qəbələ”nin 22 futbolçusu qol sevinci yaşayıb. Daha bir dəfə rəqib futbolçu Cəmil Hacıyev öz qapısına qol vurub. “Qırmızı-qaralar”ın bu matçlardakı ən yaxşı bombardiri Viktor Mendidir. Onun hesabında 7 qol var. Aleksey Qay və Dodo hərəyə 3 dəfə fərqləniblər. Umar Kalabane, Baqali Dabo, Cavid Hüseynov və Lorenzo Ebesilio isə bu duellərdə 2 qola seviniblər.