bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

“Sumqayıt” – “Qəbələ” - 2:1 VİDEO

29.04.2017 16:58 Oxundu 2245

Bu gün Topaz Premyer Liqasında XXVIII turun oyunlarına start verilib. “Qəbələ” mövsümün son turunda “Sumqayıt”la qarşılaşıb. Tarixində ilk dəfə gümüş medal qazanan “qırmızı-qaralar” üçün səfər oyunu formal xarakter daşıyıb. Bu üzdən baş məşqçi Roman Qriqorçuk meydana fərqli heyət buraxıb. Belə ki, ötən turun “İnter”lə matçında start heyətdə yer alan futbolçulardan heç biri bu dəfə “11-lik”də olmayıb. Əvvəlki çempionat matçlarında əvəzolunmadan şans qazanan Dmitri Bezotosnı, həmçinin bütün qarşılaşmalarda iştirak edən Filip Ozobiçin oynamadığı görüş bəzi məqamlarla da diqqət çəkib. David Pietrzkieviç mövsümdə ilk Premyer Liqa oyununa çıxıb, Elvin Camalov isə zədəsinin əməliyyat olunmasından sonra şans qazanıb. Əvəzedici heyətdən cəlb edilən Ülvi İbazadə isə start heyətdə yer almaqla əsas komandada debütünü rəsmiləşdirib.

Matç qarşılıqlı hücumlarla başlayıb. Mübarizənin daha çox meydanın mərkəzində getdiyi matçda ilk real qol vəziyyətini “Qəbələ” yaradıb. Lakin qapıçı ilə üz-üzə qalan Baqali Dabo bu imkandan yararlana bilməyib. Mövsümü qələbə ilə başa vurmaq istəyən “qırmızı-qaralar”ın hücumlara aludə olması meydan sahibləri üçün sürətli əks-həmlələr təşkil etmək imkanı yaradıb. Məhz belə şansdan yararlanan sumqayıtlılar görüşdə hesabı açıb. “Qəbələ”nin qapısına Amil Yunanov yol tapıb. Qoldan cəmi iki dəqiqə sonra meydan sahibləri yenidən azarkeşlərini sevindirib. Bu dəfə Mirabdulla Abbasov fərqlənib. Qapısında iki qol görən “qırmızı-qaralar” toparlanmağı bacarıb. Hücumlarının sayını və kəsərini artıran Qriqorçukun yetirmələri fasiləyədək qollardan birinin əvəzini çıxa bilib. Rəşad Eyyubovla divar paslaşmasından sonra qapıçı ilə üz-üzə qalan Asif Məmmədov rəqib qapısının torunu silkələyib. Bu, meydana kapitan kimi çıxan yarımmüdafiəçinin “Qəbələ” karyerasında 10-cu qol olub. Komandamız ilk hissənin sonlarında hesabda tarazlıq yaratmağa da yaxın olub. Lakin “Sumqayıt”ı qoldan qapı dirəyi xilas edib.

İkinci hissə başlayan kimi “Qəbələ” böyük qüvvə ilə irəli atılıb. 45 dəqiqənin ilk bölümündə topa nəzarət edən komandamız ərazi üstünlüyünə də yiyələnib. Sumqayıtlılar isə əks-hücumlarda fərqi artırmağa çalışıb. Lakin komandalar rəqib müdafiə xəttini yarmaqda ciddi çətinliklə üzləşib. Bu üzdən qapılar önündə qol vəziyyəti yaranmayıb. Hissənin ortalarında meydan sahibləri oyunda tarazlıq yaradıb və goru qarşılıqlı hücumlarla davam edib. Lakin bu hücumların əksəriyyəti cərimə meydanı xaricində başa çatıb. Qapı istiqamətində azsaylı zərbələrdə isə dəqiqlik olmayıb.

Beləliklə, 2016/17 mövsümündə Premyer Liqada son oyununu keçirən “Qəbələ” Sumqayıt səfərindən xalsız dönüb – 1:2.

Azərbaycan Premyer Liqası

XXVIII tur

29 aprel (şənbə)

“Sumqayıt” – “Qəbələ” - 2:1

Qollar: Amil Yunanov, 27; Mirabdulla Abbasov, 29 - Asif Məmmədov, 40

İlk 3 dövrədəki oyunlar: 0:2, 2:2, 1:1

Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Murad Məmmədov

Sumqayıt. Şəhər stadionu

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 20. Fərhad Qıstarov, 22. Mirabdulla Abbasov, 77. Ehtiram Şahverdiyev, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 13. Bəhlul Mustafazadə, 21. Nasir Abilayev, 25. Ayaz Mehdiyev, 39. Tural Bayramlı, 70. Fərid Kərimzadə, 74. Yusif Nəbiyev
Baş məşqçi: Samir Abasov

“Qəbələ”: 33. David Petrzkeviç, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov (k), 18. Baqali Dabo, 21. Roman Hüseynov, 27. Teo Uiks, 32. Rəşad Eyubov, 26. Ülvi İbazadə, 44. Rafael Santos
Ehtiyat oyunçular: 35. Murad Popov, 13. Murad Musayev, 29. Hacıağa Hacıyev, 16. Ülvi İsgəndərov, 70. Fərid Nəbiyev, 90. Ramil Hasanov, 98. Rövlan Muradov
Baş məşqçi: Roman Qriqorçuk

s