1660
27.04.2017-ci il tarixdə "Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə iclas keçirilib. İclasda "Neftçi” PFK-nın Topaz Premyer Liqası və Azərbaycan Kubokunda çıxışı ilə bağlı icraçı direktor Orxan Hüseynzadə və baş məşqçi Elxan Abdullayevin hesabatları dinlənilib. Topaz Premyer Liqasının "Zirə” ilə 27-ci turunun oyununda legioner limitinin pozulmasına görə alınan texniki məğlubiyyət qəti narazılıqla qarşılanıb. Həmçinin "Neftçi” PFK-nın məşqçiləri – Aleksandr Deriberin və İqor Getmanla müqavilə müddətinin artırılmaması ilə bağlı verilmiş qərar təsdiqlənib.
Komandanın məşqçilər heyəti qarşısında gələn mövsüm nəticələrin yaxşılaşdırılması, eləcə də hazırlıq çərçivəsində yay təlim-məşq toplanışı planları barədə məlumat vermək tələbi qoyulub.
“Neftçi” rəhbərliyinin qərarı ilə klubun məşqçilər korpusundan uzaqlaşdırılan İqor Getman "apasport"a müsahibə verib.
- “Neftçi” klubu Aleksandr Deriberin və sizinlə yolların ayrıldığı haqda rəsmi məlumat yayıb...
- Klub rəhbərliyinin bu qərarından hələ xəbərim yoxdu. Mənə bir söz deyilməyib. Yəqin ki, tezliklə məlumat verəcəklər.
- Klub rəhbərliyinin bu cür qərar verəcəyini gözləyirdinizmi?
- Bu qərar mənim üçün gözlənilməz olmadı. Çünki “Zirə” ilə oyunda legioner limiti pozularkən, biz səhvə yol vermişdik. Buraxılan səhvə görə də məsuliyyəti mən öz üzərimə götürürəm.
- Həmin səhvin günahkarları ancaq Deriberin və siz idiniz? Baş məşqçinin bu məsələdə heç günahı yox idi?
- Buna cavabdeh olan, limitə nəzarət edən adam mən idim. Səhv buraxılıbsa, deməli, günah məndə olub.
- “Neftçi” üçün vacib sayılan həmin görüşdə belə bir səhvin buraxılması nədən qaynaqlanmışdı?
- Həmin an bu səhvin nədən qaynaqlandığı haqda danışmaq istəmirəm. Keçmişi qurdalamayaq. Olan olub, keçən keçib. Daha “Zirə” ilə matça qayıtmağın mənası yoxdu.
- Bundan sonrakı planlarınız nədən ibarətdi? Gələcək karyeranızla bağlı nə fikirləşirsiniz?
- Hələ heç nə deyə bilmərəm. Necə olacağını zaman göstərər. Yaşayarıq, görərik.
- Premyer Liqanın başa çatan mövsümündə “Neftçi”nin çıxışı barədə nə deyə bilərsiniz?
- Əlbəttə ki, komandanın bu mövsümdəki çıxışı uğursuz oldu. 7-ci yer “Neftçi”yə yaraşmır. Lakin biz çox istərdik ki, daha yaxşı nəticələr qazanaq. Təəssüf ki, bu alınmadı.
- Necə düşünürsünüz, “Neftçi” bu durumdan çıxa biləcəkmi?
- İndi “Neftçi” elə vəziyyətdədi ki, onu əvvəlki vəziyyətə qaytarmaq üçün xeyli vaxt lazımdı. Hazırkı rəhbərlik və baş məşqçi Elxan Abdullayev komandada qalarsa, “Neftçi”ni çətin vəziyyətdən çıxara biləcəklər. Mən onlarla birlikdə işləmişəm. “Neftçi” üçün necə çalışdıqlarının şahidi olmuşam. Buna görə də, onların bu işi bacaracaqlarına inanıram. Sadəcə, vaxt lazımdı. Bir anda hər şey düzəlməyəcək.
- Bu heyət hazırkı vəziyyətdən çıxmaq üçün yetərlidi?
- İndiki heyətin yaxşı nəticəyə imza atmaq üçün yetərli olub-olmadığını deyə bilmərəm. Buna baş məşqçi cavab verə bilər.