bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

Dieqo Simeone: "Cavab oyununda final fitinə kimi döyüşəcəyik"

03.05.2017 08:31 Oxundu 1937

Mayın 2-də UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu keçirilib.Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutan görüşdə əzəli rəqiblər – “Real” və “Atletiko” qarşılaşıb. Matçda üstün tərəf olan “Real” portuqaliyalı ulduzu Kriştiano Ronaldonun 10, 73 və 86-cı dəqiqələrdə vurduğu qollarla rəqibini 3:0 hesabı ilə məğlub edib. Matç başa çatdıqdan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüblər.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib: “İlk hissədə nə bizdə, nə də rəqibdə oyun alındı. Hər iki komanda şanslar əldə etsə də, həlledici məqamlarda səhv etdik. Baxmayaraq ki, onlar hesabı açdılar, bizim də Qameyro ilə imkanımız oldu ki, Navas qola icazə vermədi. İkinci hissədə topu özümüzdə saxlasaq da, bunun bizə bir xeyri olmadı. Futbol möhtəşəm oyundu. Hər an nəsə ola bilər. Hər şeyə rəğmən düşünürəm ki, bizim davam etmək üçün şanslarımız var. Oyundan sonra uşaqlara da dedim ki, bu məğlubiyyəti unutmalıyıq. Cavab oyununda final fitinə kimi döyüşəcəyik. “Real” daha yaxşı idi və biz onları təbrik etməliyik”.

Qeyd edək ki, iki komanda arasındakı cavab oyunu mayın 10-da “Visente Kalderon”da keçiriləcək.