2710
“Bizə bu haqda AZAL klubu tərəfindən heç bir məlumat verilməyib”. Bunu "apasport"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Azərbaycan çempionatını sonuncu pillədə başa vuran AZAL bu gün fəaliyyətini dayandırdığını rəsmi saytı vasitəsilə bəyan edib. Ancaq PFL rəhbəri onlara bununla bağlı məlumat verilmədiyini söyləyib.
Musayev məsələ ilə əlaqədar klub rəhbərliyinin fikrini öyrənəcəyini vurğulayıb: “Bu xəbərləri ancaq mətbuatdan oxumuşam. Bizə heç bir sənəd təqdim olunmayıb. Bu üzdən hər hansı fikir bildirsəm, doğru olmaz. Ancaq bir futbol adamı kimi, deyə bilərəm ki, heç də sevindirici hal deyil. Klub rəhbərliyinin fikrini, qərarını öyrəndikdən sonra nəyə görə bu addımı atdıqlarını biləcəyik. Bəlkə nəyəsə yenidən başlamaq istəyirlər. Məlumatsız olduğum üçün başqa heç nə deyə bilmərəm”.
Qeyd edək ki, 2005-ci ildən Premyer Liqada iştirak edən AZAL 2016-17 mövsümündə 10 xal toplayaraq, 8 komanda arasında sonuncu pilləni tutub.