1693
İspaniyanın “Barselona” futbol klubunun braziliyalı hücumçusu Neymar 2013-cü ildə “Santos”dan Kataloniya təmsilçisinə transfer edilərkən korrupsiyaya yol verildiyi iddiası ilə məhkəmədə hakim qarşısına çıxacaq. “Yeniavaz”ın “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, həmin transfer dövründə korrupsiyaya yol verildiyi iddiası ilə Neymar və ailəsi, “Barselona” və “Santos” klubları, Kataloniya təmsilçisinin indiki prezidenti Xosep Maria Bartomeu və keçmiş prezidenti Sandro Rosell, “Santos” klubunun sabiq prezidenti Odilio Rodriges də hakim qarşısına çıxacaqlar. Rüşvət və maliyyə fırıldaqçılığında şübhəli bilinən Neymar özünü yalnız korrupsiya ittihamı üzrə müdafiə edəcək. Prokurorluq 25 yaşlı futbolçunun 2 il müddətinə həbs edilməsini və 10 milyon avro cərimə ödəməsini tələb edir. Braziliyalı forvardın günahkar olduğu təsdiq edilərsə, həbs cəzasının pulla əvəz edilməsi gözlənilir.