bazar ertəsi, 12 yanvar 2026

DİGƏR NÖVLƏR

Morinatri Vatanabe: "Azərbaycan yüksək təşkilatçılığı ilə seçilir"

06.05.2017 11:44 Oxundu 1785

Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FİG) XVII Şurasının iclası öz işinə başlayıb. Tədbirdə FİG-in prezidenti Morinatri Vatanabe iclasa ev sahibliyi etdiyi üçün Azərbaycan Gimnastika Federasiyasına (AGF) öz minnətdarlığını bildirib. Qeyd edib ki, AGF yüksək təşkilatçılığı ilə həmişə digər federasiyalara nümunədir. Azərbaycan gimnastika üzrə dünya və Avropa çempionatına, dünya kuboku yarışlarına, həmçinin FİG-in tədbirlərinə yüksək peşəkarlıqla ev sahibliyi edib. İnanıram ki, Şuranın iclası da uğurla yekunlaşacaq və burada mühüm qərarlar qəbul olunacaq. Azərbaycan yüksək təşkilatçılıqla yanaşı, qonaqpərvərliyi ilə də seçilir.

Ölkəmizdə idmana olan dövlət qayğısını yüksək qiymətləndirən FİG-in prezidenti respublikamızda gimnastikanın inkişafı istiqamətində gördüyü mühüm işlərə görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib, milli federasiya ilə əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizin əldə etdiyi nailiyyətlər və zəngin tarixi barədə məlumat verib: “Gələn həftə yenidən dünyanın idman ictimaiyyətinin diqqəti Bakıya yönələcək. Ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək ərəfəsindədir. İdmanın 20 növü üzrə atletlər Bakıda medalla uğrunda mübarizə aparacaqlar. Çox sevindiricidir ki, bu idmançılar arasında gimnastlar da güclərini sınayacaqlar”.

İclasa mayın 7-də yekun vurulacaq.