2094
Bəhreyn Olimpiya Komitəsinin (BOK) baş katibi Əbdülrəhman Əsgər Bakıda keçirilən Oyunlarda iştirak etməyin ölkənin idmançılarına regionun ən yaxşı atletləri ilə yarışmaq və öz idman növlərində uğura imza atmaq kimi çox gözəl imkan verəcəyini söyləyib.
"Həmrəylik Oyunlarında iştirakımız Bəhreyn Olimpiya Komitəsi şurasının razılığı ilə və beynəlxalq yarışmalar proqramının 2017-ci il üçün təqviminə uyğun olaraq reallaşır və Oyunlar mümkün qədər çox medal qazanmaq istəyimizə nail olmaq üçün əla imkandır" deyə Əsgər "Bahrain News" agentliyinə bildirib.
Rəsmi şəxs Bəhreynli idmançılarının Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan 20 idman növündən üçü üzrə mübarizədə iştirak edəcəyini qeyd edib.
Bəhreynin iştirak edəcəyi idman növləri atletika, atıcılıq və güləş olacaq.
Bəhreyn dörd il əvvəl İndoneziyanın Palembanq şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının medal cədvəlində iki qızıl, bir gümüş və dörd bürünc medalla 11-ci yeri tutub.
Həmrəylik Oyunları Bakıda 12-22 may tarixlərində keçiriləcək. Oyunlarda İslam Həmrəyliyi İdman Federasiyasının üzvü olan 57 ölkədən 3500 idmançı iştirak edəcək.