bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

Sabah diqqətlər Turinə, mayın 10-da isə Madridə yönələcək

08.05.2017 12:08 Oxundu 2203

Bu həftə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Baş tutacaq görüşlərdən sonra finalçıların adları müəyyənləşəcək. Sabah diqqətlər Turinə, mayın 10-da isə Madridə yönələcək.

"apasport"un məlumatına görə,Fransada keçirilmiş ilk görüşdə "Monako" üzərində 2:0 hesablı qələbə qazanan “Yuventus”u finalın bir addımlığında saymaq olar. “Qoca sinyora”nın bu üstünlüyü əldən buraxacağı inandırıcı deyil. Massimiliano Alleqrinin komandası cari mövsümü əla keçirir. Təsadüfi deyil ki, “Yuve” bu mövsüm ÇL-də məğlubiyyət üzü görməyib. Turinlilər qitənin ən mötəbər klub turnirində keçirdiyi son 6 oyunda qapısından top buraxmayıb. Bu isə İtaliya təmsilçisinin ilk növbədə, qapı və müdafiə xəttinin etibarlılığından xəbər verir. “Yuventus” rəqibini həm də təcrübə baxımından üstələyir. “Monako” “Yuve” ilə ilk görüşə qədər özünü yaxşı tərəfdən göstərsə də, “qoca sinyora” ilə bacarmamışdı. Hücum potensialına arxalanan fransızların cavab matçında vəziyyəti dəyişmək ehtimalı yüksək dəyərləndirilmir.

“Yuventus” A seriyasının XXXV turunda Turin derbisində “Torino” ilə heç-heçə (1:1) oynayıb. “Monako” isə Fransa çempionatının XXXVI turunda səfərdə “Nansi”dən güclü olub – 3:0.

Digər görüşdə Madrid təmsilçiləri üz-üzə gələcək. “Yuventus” kimi, “Real” da cütün taleyini, demək olar ki, ilk oyunda həll edib. Düzdü, komandaları daha bir matç gözləyir. Lakin “Santyaqo Bernabeu”da rəqibi önündə aciz qalan “Atletiko”nun geridönüş edəcəyi inandırıcı görünmür.

Hər iki komanda İspaniya çempionatının son turunda qələbə qazanıb. “Atletiko” öz meydanında “Eybar”ı tək qolla üstələdiyi (1:0) halda, “qalaktikos” səfərdə “Qranada”ya dərs keçib – 4:0. “Real”ın baş məşqçisi Zinəddin Zidan bu görüşdə əsas heyətin əksər üzvlərinə istiharət verib. Buna baxmayaraq, “kral klubu” oyunun taleyini ilk hissədəcə həll etməyi bacarıb.

“Real”ın heyətində Pepe, Daniel Karvahal və Qaret Beyl, “Atletiko” isə Xose Ximenes, Xuanfran və Sime Vrsalyko zədəlidi.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

9 may

22:45. “Yuventus” (İtaliya) – “Monako” (Fransa)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun – 2:0

10 may

22:45. “Atletiko” (Madrid, İspaniya) – “Real” (Madrid, İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

İlk oyun – 0:3