1856
Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb.
"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, 35 yaşlı müdafiəçi "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının sükanı arxasında vaxtından əvvəl çempionluq sevinci yaşayıb.
U-19 Liqasının bu gün keçirilən XXXI tur matçında Ağdam təmsilçisi "Qəbələ" ilə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksinin futbol meydanında keçirilən görüş Sadıqovun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 84-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal geridə qoyub. Sona 3 tur qaldığından, "qırmızı-qaralar" üçün bu fərqi aradan qaldırmaq mümkün olmayacaq.
Qeyd edək ki, Rəşad Sadıqov "Qarabağ"ın U-19 komandasına cari mövsümdən rəhbərlik edir.
Maraqlıdır ki, Sadıqov növbəti mövsümdə avrokuboklarda həm futbolçu, həm də məşqçi kimi iştirak edəcək. Bu isə futbol dünyasında az-az rast gəlinən unikal faktlardandır.
Xatırladaq ki, R.Sadıqovun futbolçu kimi çıxış etdiyi “Qarabağ” 2017/18 mövsümündə Azərbaycanı Çempionlar Liqası, onun rəhbərlik etdiyi U-19 komandası isə UEFA Gənclər Liqasında (Çempionlar Liqasının anoloqu) təmsil edəcək.