bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

"Real" ikinci finalçı oldu VİDEO

10.05.2017 23:40 Oxundu 1988

Mayın 10-da UEFA Çempionlar Liqasının ikinci yarımfinalçısı məlum olub. Yarımfinal mərhələsinin cavab oyununda "Atletiko Madrid" klubunu mübarizədən kənarlaşdıran "Real Madrid" komandası adını finala yazdıraraq "Yuventus"a rəqib olub.

İlk oyunda "Santyaqo Bernabeu"da "Real"a 0:3 hesabı ilə məğlub olan "Atletiko" komandası oyuna sürətli hücumlarla başlayıb. Dieqo Simeonenin yetirmələrinin səyləri matçın 12-ci dəqiqəsində bəhrəsini verib. Künc zərbəsindən sonra Niguez topu başla "Real"ın qapısına göndərib - 1:0. Erkən qoldan dörd dəqiqə sonra ev sahibləri hesab arasındakı fərqi artırıblar. "Real"ın cərimə meydançasına daxil olan Fernando Torresin qarşısı kobudluqla alındığına görə türkiyəli referi Cüneyt Çakır "kral klubu"nun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Antuan Qrizman dəqiq oynayıb - 2:0

Bu qoldan sonra topa nəzarəti ələ keçirən "Real" hissənin sonuna yaxın vurulan qollardan birinin əvəzini çıxıb. Meydan sahiblərinin dörd müdafiəçisini çaş-baş salan Kərim Benzemanın ötürməsindən sonra Toni Kroos topa güclü zərbə endirib. Qapıçı zərbəni dəf etsə də, özünü yetirən İsko topu qapıdan keçirə bilib - 2:1.

İlk hissə bu hesabla başa çatıb.

Komandaların cəhdlərinə baxmayaraq, ikinci hissədə qapılara qol vurulmayıb və görüş "Atletiko"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Lakin iki oyunun nəticəsinə görə 4:2 hesabı ilə qalib gələn “Real Madrid” qitənin ən nüfuzlu klub turnirində adını 15-ci dəfə finala yazdırıb. Zinəddin Zidanın yetirmələri turnirin finalında "Monako"nu mübarizədən kənarlaşdıran "Yuventus" klubu ilə qarşılaşacaqlar.

Xatırladaq ki, “Kral klubu" UEFA Çempionlar Liqasının 2013-2014-cü və 2015-2016-cı illər mövsümünün finalında "Atletiko"nu məğlub edərək kuboka sahib olublar.

UEFA Çempionlar Liqasının final matçı iyunun 3-də Uelsin paytaxtı Kardiffdə oynanılacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

10 may

“Atletiko” (İspaniya) – “Real” (İspaniya) - 2:1

Qollar: Nigez, 12, Qrizman, 15 (pen.) - İsko, 42

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Madrid. “Visente Kalderon” stadionu

İlk oyun – 0:3

“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 6. Koke, 7. Antonio Qrizman, 8. Saul Nigez, 9. Fernando Torres, 10. Yanik Karrasko, 14. Qabi, 15. Stefan Saviç, 24. Xose Mariya Ximenes

Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 5. Tyaqo, 11. Angel Korrea, 19. Lukas Hernandez, 21. Kevin Qameyro, 22. Tomas, 23. Nikolas Qaytan

“Real”: 1. Keylor Navas, 4. Serxio Ramos, 5. Rafael Varane, 7. Kristiano Ronaldo, 8. Toni Kroos, 9. Karim Benzema, 12. Marselo, 14. Kazemiro, 19. Luka Modriç, 22. İsko, 23. Danilo

Ehtiyat oyunçular: 13. Kiko Kasilla, 6. Naço, 10. Xames Rodrigez, 16. Mateo Kovaçiç, 17. Lukas Vazgez, 20. Marko Asensio, 21. Alvaro Morata

r