1933
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. "cempion.az"ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda 2017-2018-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“İnter” PİK, "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK, “Sumqayıt” FK, “Zirə” PFK
2. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Kəpəz” PFK, “Səbail” PFK
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
AZAL PFK, “Mil-Muğan” FK, MOİK PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK, "Şəmkir" FK.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
Qeyd:
1. “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n (Buraxılış 2016) 13-cü maddəsinə müvafiq olaraq, 2017-2018-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.
2. “Zirə” PFK-nın müraciətinə baxılərkən UEFA-nın müvafiq qərarı AFFA-nın Lisenziya Komissiyası tərəfindən nəzərə alınmışdır.
Haşiyə:
“Səbail” Azərbaycan futbolu tarixinə Premyer Liqanın 59-cu komandası kimi düşəcək. Belə ki, indiyədək 58 komanda yüksək dəstədə çıxış edib. Düzdü, onlardan birinin nəticələri ləğv olunub. Lakin həmin komanda – Nəvahinin “Gənclik” klubuna görə bütün rəqiblərinə 2 qələbə verilib. Yəni 1992-2017-ci illərin ümumi cədvəlində “Gənclik” də yer almalıdı. Buna görə də siyahıda 58 komanda var. “Səbail” də bu klublara qoşularaq çempionatın 59-cusu olacaq. Qeyd edək ki, bunadək ardıcıllıq baxımından sonuncu – 58-ci komanda “Zirə” idi. Qəsəbə klubu 2015/16 mövsümündə Premyer Liqada debüt edib.