cümə axşamı, 23 aprel 2026

DÜNYA FUTBOLU

Çempionlar Liqasının finalı almaniyalı, Avropa Liqasının finalı isə sloveniyalı hakimlərə tapşırılıb

12.05.2017 14:12 Oxundu 2123

Çempionlar Liqasının final oyununun hakimləri açıqlanıb. UEFA qitənin ən nüfuzlu klub turnirinin həlledici matçını almaniyalı hakimlərə həvalə edib. İyunun 3-də Kardiffdəki "Millenium" stadionunda baş tutacaq "Yuventus" (İtaliya) - "Real" (İspaniya) qarşılaşmasının baş hakimi Feliks Brix olacaq. Ona həmyerliləri Mark Borş və Ştefan Lupp yardım edəcək. Bastian Dankert və Marko Frits əlavə hakim köməkçiləri, Rafael Foltin isə ehtiyat köməkçi kimi qarşılaşmaya təyinat alıb. Oyunun dördüncü hakimi funksiyası serbiyalı Milorad Majiçə tapşırılıb.

UEFA Avropa Liqasının final matçına - "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) görüşü sloveniyalı hakimlərə həvalə olunub. Mayın 24-də İsveçin paytaxtı Stokholmda keçiriləcək həlledici qarşılaşmanın baş hakimi Damir Skomina olacaq. Ona həmyerliləri Yure Praprotnik və Robert Vukan kömək edəcək. Əlavə hakim köməkçiləri funksiyasını Matey Yuqla Slavko Vinçiç yerinə yetirəcək. Hakimin ehtiyat köməkçisi isə Tomaş Klançnik olacaq. İtaliyalı Canluka Roççi isə dördüncü hakim kimi matça təyinat alıb.