2175
Londonun “Çelsi” klubu 2016-2017-ci il mövsümündə İngiltərə çempionatında qələbəyə görə pul mükafatı qismində 150 milyon funt-sterlinq (193,5 milyon dollar) alacaq. Bu, İngiltərə Premyer Liqasının (İPL) tarixində rekord məbləğ olacaq. İPL və teleyayım şirkətləri arasında bağlanmış teleyayım haqqının satışı üzrə müqavilə sayəsində mükafatın həcmi belə yüksək olub. Müqaviləyə əsasən, İPL 8 milyard funt-sterlinqdən çox (11,3 milyard dollar) qazanacaq. Bununla yanaşı, çempionatda iştirak edən 20 klubun hər biri isə teleyayım hüququnun satışından, kommersiya müqavilələrindən və mənfəətin bərabər bölüşdürülməsindən 80 milyon funt-sterlinq (103,1 milyon dollar) alacaq. Xatırladaq ki, “Çelsi” mayın 12-də “Vest-Bromviç”i 1:0 hesabı ilə məğlub edərək ölkə çempionluğunu təmin edib. Bu, “Çelsi”nin İngiltərədə altıncı çempionluğudur.