bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

Roman Abramoviç “Çelsi”yə 3 milyarddan çox funt-sterlinq yatırıb

15.05.2017 08:02 Oxundu 1817

Rusiyalı biznesmen Roman Abramoviç 2003-cü ildən sahibi olduğu “Çelsi” futbol klubuna 3 milyarddan çox funt-sterlinq yatırıb. Məlumata görə, “Çelsi” 14 il ərzində transferlərə 806 milyon funt-sterlinq, futbolçuların və klub əməkdaşlarının məvaciblərinə isə 2,4 milyard funt-sterlinq xərcləyib. Bundan başqa, “Çelsi” təqribən 71 milyon funt-sterlinqi təzminat qismində işdən çıxarılmış məşqçilərə ödəyib. “Çelsi”nin “Fordstam Limited” şirkətinə hazırda 1,04 milyard funt-sterlinq borcu var. R. Abramoviç həmin şirkət üzərindən kluba rəhbərlik edir.

Qeyd edək ki, “Çelsi” 2003-2017-ci illər ərzində İngiltərənin ən uğurlu komandasıdır. R. Abramoviç klubun sahibi olduğu gündən bəri londonlular 14 trofey qazanıblar. “Mançester Yunayted” isə bu dövr ərzində transferlərə 486 milyon funt-sterlinq və məvaciblərə 2,1 milyard funt-sterlinq xərcləyərək 12 turnirdə qalib olub. Xatırladaq ki, “Çelsi” mayın 12-də tarixində 6-cı dəfə İngiltərə çempionu adını qazanıb.