şənbə, 10 yanvar 2026

DİGƏR NÖVLƏR

DİN İdman Cəmiyyəti İslamiadaya 14 atletlə qatılmışdı

24.05.2017 07:22 Oxundu 2221

Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları həm də ən böyük İslamiada kimi tarixə qovuşdu. On gün davam edən, “Gücümüz həmrəylikdədir” devizi altında keçirilən Oyunlarda atletlər idmanın 24 növü üzrə 269 dəst medal uğrunda mübarizə apardılar. Ümumilikdə yarışlarda 40 ölkənin idmançılarına 1600 medal təqdim olundu. Azərbaycanı bu Oyunlarda 425 atlet təmsil edirdi.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, İslamiada günlərində daxili işlər orqanlarının və Daxili Qoşunların 252-si qadın olmaqla 12 min əməkdaşı və hərbi qulluqçusu xidmətə cəlb olunmuşdu. Onların hazırlığı, texniki təminatı üçün bütün zəruri tədbirlər görülmüşdü.

DİN əməkdaşlarının İslamiadada iştirakı bununla məhdudlaşmayıb. Bu beynəlxalq idman yarışında layiqincə çıxış edən, onlara olan ümidləri doğruldan Azərbaycan komandasında mübarizə aparan daxili işlər orqanları əməkdaşlarının və Daxili Qoşunların təmsilçilərinin, DİN İdman Cəmiyyətinin yetirmələrinin uğurları ikiqat bayram ovqatı yaradıb.

Beynəlxalq yarışlarda yüksək nəticələr qazanan daxili işlər orqanlarının idmançıları və DİN İdman Cəmiyyətinin yetirmələri yarışlara 14 atletlə qatılmışdı. DİN Polis Akademiyasının fiziki hazırlıq kafedrasının müəllimi, polis polkovnik-leytenantı Hicran Şərifov, Daxili Qoşunların giziri Könül Sultanova, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Telman Salayev isə dünyanın ən ədalətli və obyektiv hakimləri kimi yarışlar zamanı ayrı-ayrı görüşləri idarə edirdilər.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ilk qızıl medalı məhz DİN Daxili Qoşunlarının giziri Ruslan Lunyovun qazandırması özlüyündə simvolik xarakter daşıyır. Bu, həm də dünyanın ən sərrast atıcısının Azərbaycan əsgəri olmasının real təsdiqidir. O, bu uğurunu sonrakı yarışlarda yenidən təkrar etdi, komandamıza, ümumilikdə, beş qızıl medal qazandırdı. Sonuncu qızıl medalını İdman Cəmiyyətinin yetirməsi Nigar Nəsirova ilə komanda yarışında əldə edib. N.Nəsirova şəxsi yarışlarda bürünc medala sahib olub.

DİN Daxili Qoşunlarının idman komandasının əsgərləri - kumite yarışlarında mübarizə aparan Ayxan Mamayev və boksçu Teymur Məmmədov qızıl medal qazandılar. DİN İdman Cəmiyyətinin yetirmələri Əli Hüseyni və Aydan Camalovadan ibarət stend atıcılığı üzrə yarışlarda, yunan-Roma üsulu ilə güləşən pəhləvanımız Kamran Məmmədov baş mükafata sahib olublar. Xəzər Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı cüdoçu Kənan Abdullaxanlı, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis baş serjantı milli güləşçi Tural Əliyev, İdman Cəmiyyətinin yetirməsi taekvandoçu Fəridə Əzizova isə gümüş medal əldə ediblər.

Yarışlar zamanı İslamiadanın beşqat qalibi R.Lunyovun anası, Daxili Qoşunların veteranı, istefada olan mayor, Əməkdar idman ustası İradə Aşumova yüksək mənəviyyat nümunəsi olaraq oğlunun əldə etdiyi beş qızıl medala görə ödəniləcək mükafatın bir hissəsini Talassemiya Mərkəzinə köçürüləcəyini bildirib. Bu isə həmişə nəcib missiyalarda, qanvermə aksiyalarında öndə gedən daxili işlər orqanlarında formalaşmış xeyirxahlığın, humanistliyin əyani təzahürüdür.