cümə, 09 yanvar 2026

BİZİM FUTBOL

Sadiq Şəfiyev: “U-12 liqasında ən çox qol vuran futbolçu olduğum üçün sevincliyəm"

25.05.2017 15:39 Oxundu 3991

“Kəpəz” PFK-nın aşağı yaş qrupları üzrə komandalarında gələcəyin peşəkar futbolçuları yetişir. Ayrı-ayrı komandaların heyətində oyunu ilə artıq indidən böyük gələcək vəd edən futbolçular çıxış edir. Belə oyunçulardan biri də Sadiq Şəfiyevdir. Gəncə klubunun 12 yaşlılardan ibarət komandasının üzvü mövsümün yekunlarına əsasən fərqlənənlər arasında olub. Sadiq Azərbaycan birinciliyinin ən məhsuldar oyunçusu, bombardiri kimi həmyaşıdlarından seçilib, kubok və diplomla təltif edilib.

Hücumçu mövqeyində vurduğu qollarla özünü lazımınca doğruldan Şəfiyev 51 qola imza atıb. O, 22 oyunda rəqib qapılarından bu qədər top keçirib. Forvard keçən il də AFFA-nın bayrağı altında keçirilən ölkə birincliyinin ən sərrast oyunçusu adını qazanmışdı. Ötən çempionat daha məhsuldar mövsüm keçirən futbolçu 60 dəfə fərqlənməklə yanaşı, komandasının çempion olmasına töhvə vermişdi. Həmin vaxt yeniyetmə oyunçu AFFA tərəfindən Fransa 2016-ya səyahət və Avropa çempionatının final oyununu stadiondan canlı izləməklə mükafatlandırılmışdı.

Klubun saytına açıqlama verən Şəfiyev bunları deyib: “U-12 liqasında ən çox qol vuran futbolçu olduğum üçün sevincliyəm. Əməyim xüsusi kubokla qiymətləndirilib. Bu, məni həvəsləndirir. Uğurlu çıxışımı gələn mövsümdə də davam etdirmək istəyirəm. Ən böyük arzum gələcəkdə milliyə və “Kəpəz”in əsas komandasının heyətinə düşmək, eyni zamanda bombardir olmaqdır”.

6-7 yaşlarından futbolla məşğul olan Şəfiyev çıxışı ilə digər klubların da diqqətini çəkib. Ölkənin ən iddialı komandaları onu heyətində görmək istəyir.